
Pakistanın şimal-qərbində yerləşən bazarlardan birinə minaatanla zərbə endirilib. Hadisə nəticəsində ikisi uşaq olmaqla, azı altı nəfər həlak olub.
AFN.az xəbər verir ki, bu barədə məlumatı AFP agentliyi yayıb. Hadisə Xayber-Paxtunxva əyalətinin Xanqu dairəsinin Tall bölgəsində baş verib. Qeyd edək ki, bu əyalət Əfqanıstanla həmsərhəddir.
Yerli polis nümayəndəsi Tariq Həbibin sözlərinə görə, partlayış nəticəsində həmçinin 13 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti kritikdir və ölü sayının artacağı istisna edilmir.
Təhlükəsizlik qüvvələri dərhal hadisə yerini mühasirəyə alıb, xilasetmə qrupları isə yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.