AZ

İzmir Bakı qardaşlığının 40 illiyi qeyd olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbul, 7 may, AZƏRTAC

İzmir ilə Bakının qardaş şəhər elan edilməsinin 40-cı ildönümü İzmirdə böyük coşqu ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə İzmirdə keçirilən “Azərbaycan Günləri” çərçivəsində İzmir Azərbaycan Dərnəyi (İZAZDER) tərəfindən silsilə tədbirlər təşkil edilib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İzmirin Menemen rayonunun kaymakamı Vedat Yılmaz, İZAZDER üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Proqram çərçivəsində izmirli iş adamları ilə “40 illik Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı: investisiya və ticarət imkanları” mövzusunda görüş keçirilib. Tədbirdə İzmir və Bakının 1986-cı il aprelin 28-də başlayan rəsmi əlaqələrinin əhəmiyyəti vurğulanıb.

İZAZDER-in sədri Pərviz Altay çıxışında bu əlaqələrin cəmiyyətdə yetərincə tanınmadığını bildirərək, “Bir millət, iki dövlət” ruhunun gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Pərviz Altay çıxışında Türk Dövlətləri Təşkilatının bugünkü baxışının formalaşmasında mühüm rol oynamış Ümummilli Lider Heydər Əliyevi və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürku ehtiramla yad edib.

Proqram Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan xüsusi panel iclası ilə davam edib.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov və professor Vəfa Qurban iki ölkə arasındakı yüzillik bağların bu gün dərin strateji tərəfdaşlığa çevrildiyini bildirərək, bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasında Heydər Əliyevin xüsusi rolunu vurğulayıblar.

Rəşad Məmmədov çıxışında müdafiə sənayesində Türkiyə ilə əməkdaşlığın lokomotiv rol oynadığını, gələcək dövrdə isə “yaşıl enerji” və “rəqəmsal transformasiya” sahələrinin prioritet istiqamətlər olacağını bildirib.

Səfir çıxışında bəzi tarixi məqamlara da toxunaraq Türk dünyasının birliyinin vacibliyini qeyd edib, gənc nəsillər üçün yeni mübadilə proqramlarının həyata keçiriləcəyini açıqlayıb.

Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi, vətənpərvərlik ruhunu və Türkiyə–Azərbaycan dostluğunu əks etdirən musiqi proqramı ilə davam edib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr