"Turan Tovuz" üçün üçüncü yer də yaxşı nəticədir"
"Qarabağ"a məğlubiyyətdən sonra bu fikirləri komandanın yarımmüdafiəçisi Ayxan Hüseynov səsləndirib.
Həqiqət payı az deyil.
32 ildən sonra avrokuboklarda iştirak sıradan hadisə sayıla bilməz.
Bütün kollektivin sevinmək haqqıdır.
Amma göstərilən oyun barədə eyni şeyləri səsləndirmək olmaz.
Mövsüm ərzində bu barədə çox danışılıb, çox yazılıb.
Əsas sınaq anı isə qapıdadır.
Möcüzə baş verməsə, bir neçə həftə sonra bölgə klubu avrokuboklarda mübarizəyə başlayacaq.
Bu oyunla?
Təsəvvür edin "Qarabağ" meydana çıxdığı problemləri saysaq bitməz...
Son bir həftədə "Neftçi" ilə iki ağır oyun keçirmişdi.
Elə "ağ qaralar"la görüşdə sarı vərəqə limitini dolduran Montiel, Camilo Duran, Kadi Borqes bu dəfə meydanda yox idi.
Siyahıya zədəli Bəhlul Mustafazadə, cəzalanan Elvin Cəfərquliyevi də əlavə etsək faktiki heyətin yarısının olmadığını görərik.
Ölkə çempionluğunu əldən verən, ölkə kubokunda mübarizəni dayandıran "atlılar"ın psixoloji durumu da istənilən səviyyədə deyil.
Və bütün bunların fonunda meydanda daha yaxşı görünən Qurban Qurbanovun komandası idi.
Topa daha çox sahib olan, daha çox qol imkanları yaradan da.
Belədə tovuzlu azarkeşlərdə haqlı sual yaranır - Yarımcan "Qarabağ"a diş göstərə bilməyən "Turan" avrokuboklarda ciddi nəyə ümid edə bilər?
Məncə, ciddi heç nəyə!
XANOĞLAN / SPORTİNFO.AZ