AZ

ABŞ-nin zərbələrinə baxmayaraq İran raket potensialının böyük hissəsini qoruyub

MKİ hesab edir ki, Tehran ballistik raket arsenalının təxminən 70 faizini saxlayıb və istehsalı bərpa etməyə nail olub...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post nəşri ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə baxmayaraq, Tehran müharibədən əvvəl malik olduğu ballistik raket arsenalının böyük hissəsini qoruyub saxlaya bilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, İranın döyüş qabiliyyətli raket ehtiyatlarının təxminən 70 faizi hələ də istifadəyə yararlıdır.

Amerika kəşfiyyatının qiymətləndirməsinə əsasən, İran zərbələrdən sonra bəzi yeraltı silah anbarlarına yenidən çıxış əldə edib, qismən zədələnmiş raketlərin bir hissəsini bərpa etməyə nail olub və yeni raketlərin istehsalını yenidən təşkil edib. Mənbələr bildirirlər ki, İranın hərbi-sənaye infrastrukturu tam sıradan çıxarılmayıb və ölkə qısa müddətdə müəyyən istehsal imkanlarını bərpa edə bilib.

Hesabatda qeyd olunur ki, İran uzun illər ərzində raket proqramını yeraltı tunellər və möhkəmləndirilmiş obyektlər üzərində qurduğu üçün hava zərbələrinin bütün arsenalı məhv etməsi mümkün olmayıb. ABŞ kəşfiyyatı hesab edir ki, Tehran strateji raket ehtiyatlarının bir hissəsini hücumlardan əvvəl daha təhlükəsiz bölgələrə köçürə də bilərdi.

The Washington Post yazır ki, Vaşinqtonda bəzi rəsmilər İranın raket imkanlarının gözlənildiyindən daha sürətli bərpasından narahatdırlar. ABŞ administrasiyası hesab edir ki, Tehran yaxın aylarda həm daxili istehsalı artırmağa, həm də mövcud raket sistemlərini modernləşdirməyə çalışacaq.

Bununla yanaşı, Amerika kəşfiyyatı Hörmüz boğazının blokadasının da İran iqtisadiyyatına yaxın perspektivdə ciddi zərbə vurmayacağını düşünür. Mənbələrin sözlərinə görə, ən azı növbəti üç-dörd ay ərzində Tehran iqtisadi və logistika baxımından vəziyyəti idarə etmək imkanına malik olacaq.

Qiymətləndirmələrə əsasən, İran enerji ixrac marşrutlarını və daxili ehtiyatlarını müəyyən səviyyədə qoruyub saxlaya bilib. Bundan başqa, regional tərəfdaşlarla qurulan alternativ ticarət və logistika mexanizmləri də iqtisadi təzyiqin təsirini qismən azaldır.

Analitiklər hesab edirlər ki, bu məlumatlar Yaxın Şərqdə qarşıdurmanın hələ uzun müddət davam edə biləcəyini və İranın hərbi potensialının tam neytrallaşdırılmasının gözlənildiyindən daha çətin olduğunu göstərir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr