
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran hücumları nəticəsində dəyən zərərlərin sənədləşdirilməsi və beynəlxalq səviyyədə məsuliyyətə cəlb etmə proseslərinin dəstəklənməsi məqsədilə milli komitənin yaradılması barədə qərar qəbul edib.
AFN.az xəbər verir ki, BƏƏ-nin rəsmi WAM agentliyinin məlumatına görə, Vitse-prezident, Baş nazirin müavini və Prezident Divanının rəhbəri Mənsur bin Zayed Əl Nəhyan hücum aktları, beynəlxalq cinayətlər və onlardan irəli gələn zərərlərin sənədləşdirilməsi üçün milli komitənin yaradılması haqqında qərar imzalayıb.
Qərara əsasən, bu addım pozuntuların ən yüksək hüquqi və texniki standartlara uyğun şəkildə sənədləşdirilməsinə yönəlmiş institusional yanaşmanı əks etdirir.
BƏƏ Baş prokurorunun sədrliyi ilə fəaliyyət göstərəcək komitə İran hücumları, beynəlxalq cinayətlər və bunların ölkə ərazisi, vətəndaşlar, ziyarətçilər, eləcə də ölkədə yaşayanlar üzərindəki təsirlərini sənədləşdirmək üçün məsuliyyət daşıyacaq.
Etibarlı sübutlara əsaslanan hərtərəfli milli qeydiyyat sisteminin yaradılmasını hədəfləyən komitədə müxtəlif nazirliklərin, həmçinin federal və yerli qurumların nümayəndələri yer alacaq. Bununla da təhlükəsizlik, məhkəmə, texniki və iqtisadi sahələrdəki qurumlar arasında koordinasiyanın təmin olunması nəzərdə tutulur.
Komitənin vəzifələrinə İranın hücumları və hərbi əməliyyatlarının bütün təfərrüatlarının sənədləşdirilməsi, hadisələrin xarakterinin və vaxtının təsdiqlənməsi, insani, maddi və iqtisadi zərərlərin texniki üsullarla qiymətləndirilməsi, habelə can itkisi və yaralanmaların rəsmi qeydlər əsasında müəyyən edilməsi daxildir.