AZ

Hər yerdə nəm salfetlər və plastik: Cəməllütariq bütün təmizlənməmiş tullantıları Aralıq dənizinə axıdır

Britaniyanın xaricdə yerləşən Cəməllütariq ərazisi onilliklərdir ki, təxminən 40 min sakinin və bizneslərin yaratdığı təmizlənməmiş kanalizasiya sularını birbaşa Aralıq dənizinə axıdır. 

HİT.az “The Guardian”a istinadən xəbər verir ki, bunun səbəbi burada heç vaxt təmizləyici qurğuların olmamasıdır.

Tullantı suları yarımadanın cənub hissəsində – Europa Point bölgəsində dənizə axıdılır. Cəməllütariq hakimiyyəti bunu “yüksək təbii dispersiya səviyyəsi” ilə izah edərək çirklənmənin təsirinin azaldığını iddia edir.

Lakin ekoloqlar vəziyyətin ciddi olduğunu bildirir. “Nautilus Project” təbiəti mühafizə təşkilatının nümayəndəsi Lüis Stagnettonun sözlərinə görə, bu ərazi normalda qorunan dəniz zonası olmalı olduğu halda, tez-tez zibil ilə örtülür: “nəm salfetlər və plastik yosunlara dolaşır, qayaların üzərində qalır”.

Qeyd olunur ki, təmizlənməmiş tullantılar dənizdə oksigen səviyyəsini azaldan və dəniz canlılarının məhvinə səbəb olan zəhərli yosun çiçəklənməsinə yol aça bilər. Bundan əlavə, suya qarışan kimyəvi maddələr və plastik balıqlara və dəniz məməlilərinə zərər verir, onların çoxalmasını və sağlamlığını pozur.

İnsanlar üçün də risklər mövcuddur: patogenlərin və antibiotikə davamlılıq genlərinin yayılması infeksiya təhlükəsini artırır.

Böyük Britaniyadan fərqli olaraq, Cəməllütariq kanalizasiya sistemi dəniz suyundan istifadə edir, içməli su isə duzsuzlaşdırma yolu ilə əldə olunur. Hakimiyyət bildirir ki, yüksək duzluluq ənənəvi təmizləyici qurğuların qurulmasını tarixən çətinləşdirib.

Hökumət həmçinin iddia edir ki, sahillərdə görünən nəm salfetlər bəzən qonşu İspaniya ərazisindən də gələ bilər.

2017-ci ildə Avropa Məhkəməsi Böyük Britaniyanın Avropa İttifaqı qanunlarını pozduğunu və Cəməllütariqin tullantı sularını təmizləmədiyini təsdiqləyib. Lakin Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra Avropa Komissiyası bu məsələyə təsir imkanını itirib.

Problemin həlli üçün edilən cəhdlər dəfələrlə uğursuz olub. 2018-ci ildə "Northumbrian Water" və "Modern Water" şirkətlərinin daxil olduğu konsorsium təmizləyici qurğu layihəsini qazansa da, "Modern Water"ın törəmə şirkətinin müflis olması səbəbilə layihə dayandırılıb. Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra Avropa İnvestisiya Bankı ilə danışıqlar da nəticəsiz qalıb.

2025-ci ilin iyununda Cəməllütariq hökuməti “Eco Waters” şirkəti ilə "Europa Point" bölgəsində 25 illik təmizləyici qurğu müqaviləsi imzalayıb. Hazırda hazırlıq işləri aparılır və 2026-cı ilin martında planlaşdırma müraciəti təqdim edilib.

Eyni zamanda, əvvəllər “AquaGib” layihəsi çərçivəsində hökumətlə əməkdaşlıq edən "Northumbrian Water" şirkəti bildirir ki, o, tullantı sularının idarə olunmasına cavabdeh olmayıb və yalnız strateji tərəfdaş kimi çıxış edib.

Problemin aktuallığı qalır və onun tam həlli hələ illər çəkə bilər.

“AquaGib” şirkəti isə bildirir ki, o, aşağı ərazilərdən tullantıları Cəməllütariqin əsas kollektoruna ötürən nasos stansiyalarını idarə edir, lakin əsas kanalizasiya kollektoruna və təmizləmə prosesinə cavabdeh deyil.

Kanalizasiya kollektorunun özü isə qənaətbəxş vəziyyətdə deyil. Keçən il müxalif Cəməllütariq Sosial Demokratları partiyası bildirib ki, turistik ərazilər çirkli tullantı qoxusundan əziyyət çəkir və tullantılar şəhər divarlarından birbaşa dənizə sızır, bu da ekosistemə zərər vurur.

Hökumət isə vəziyyəti uzun illər davam edən maliyyə çatışmazlığı ilə izah edir.

Hakimiyyət bildirir ki, təxminən 15 milyon funt sterlinq büdcə ilə mərhələli kanalizasiya modernləşdirmə layihəsi həyata keçirilir. Bundan əlavə, daxili boru sistemlərinin yenilənməsi aparılır və bu işlərin əsas kollektorun vəziyyətini yaxşılaşdırdığı qeyd olunur.

Çimərliklərlə bağlı isə rəsmi qurumlar bildirir ki, suyun keyfiyyəti mütəmadi yoxlanılır və nəticələr bütün Cəməllütariq çimərliklərində “üzgüçülük üçün əla səviyyə” göstərir.

Samir
 

Seçilən
13
hit.az

1Mənbələr