
Bakıda keçirilən 19-cu “Beynəlxalq Kənd Təsərrüfatı həftəsi – Caspian Agro Week” çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq forum keçirilib.
AFN.az xəbər verir ki, forumda iqlim dəyişikliyinin kənd təsərrüfatına vurduğu zərərlər və bu risklərin idarə olunmasında aqrar sığorta mexanizminin əhəmiyyəti müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev çıxışında aqrar sığortanın əhəmiyyətinə toxunub: “Dolu, sel, daşqın, quraqlıq, şaxta, güclü külək və iqlim dəyişiklikləri fermerin zəhmətini qısa zamanda ciddi zərərə sala bilər. Aqrar sığorta məhz bu baxımdan mühüm təminat mexanizmidir”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda bu riskləri sığortalamaq məqsədilə aqrar sığorta mexanizmi yaradılıb. Nazir qeyd edib ki, bu sistem təkcə zərərləri qarşılamır, həm də istehsalçıların gəlirlərinin sabitliyini təmin edir.
Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov iqlim dəyişikliklərinin təsirini azaltmaq üçün sığortanın ciddi alətə çevrildiyini vurğulayıb. Sədr müavini Ləman Alıyeva-Məmişova isə təqdimatında son 30 ildə dolu hadisələrinin 3, daşqınların 18, güclü küləkli günlərin isə 12 dəfə artdığını bildirib.
Forumun panellərində FAO-nun nümayəndəsi Muhammad Nasar Hayat, Özbəkistan Aqrar Sığorta Fondunun direktoru Muratjan Açilov, həmçinin “Azərkosmos”, Milli Hidrometeorologiya Xidməti rəsmiləri çıxış ediblər. Qeyd olunub ki, son 30 ildə fəlakətlər qlobal aqrar sektora 4 trilyon dollara yaxın zərər vurub.
Tədbir çərçivəsində Aqrar Sığorta Fondu və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
![]()
![]()
![]()
![]()