Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Leypsiq, 7 may, AZƏRTAC
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna sədrlik dövrü artıq başa çatır. Hesab edirik ki, biz bu mərhələni yüksək nəticələrlə yekunlaşdırırıq. Təbii ki, Azərbaycana belə bir etimadın göstərilməsi təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq əməkdaşlıqda fəal rolunun, nəqliyyat sahəsində artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının məntiqi nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə müsahibəsində deyib.
Sammit iştirakçılarının Azərbaycanın Foruma sədrliyini yüksək qiymətləndirdiklərini vurğulayan F.Əliyev qeyd edib ki, bu dövrdə ölkəmizin təşəbbüsü və sədrliyi ilə təşkilatın çətiri altında bir sıra mötəbər beynəlxalq tədbirlər təşkil edilib və qlobal nəqliyyat gündəliyinə töhfə verən mühüm təşəbbüslər irəli sürülüb: “Bu prioritetlər təkcə ümumi məqsədlər kimi qalmadı, konkret təşəbbüs və qərarlarla dəstəkləndi və bu gün çox mühüm iki nəqliyyat siyasəti tövsiyəsi – “Beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması” və “Şəhər nəqliyyatının təkmilləşdirilməsi” sənədləri üzv dövlətlər tərəfindən qəbul edildi. Bu gün əminliklə deyə bilərik ki, ölkə rəhbərliyinin daimi diqqəti və uzunmüddətli strateji baxışı sayəsində dinamik inkişafda olan nəqliyyat sektoru Azərbaycanın sosial-iqtisadi inkişafının əsas drayveri olmaqla yanaşı, ölkələr, regionlar və dəhlizlər arasında ticarət-iqtisadi bağlantıların, turizm və mədəni əməkdaşlıqların, eləcə də humanitar və ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynamaqdadır”.
Sammit çərçivəsində keçirilən “Orta Dəhliz Avrasiyada dayanıqlı və rəqabətli nəqliyyat bağlantılarının örnək modeli kimi” mövzusunda sessiyada Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində nəqliyyat bağlantılarının qurulmasında həyata keçirdiyi strateji infrastruktur layihələrinin və islahatların da yüksək qiymətləndirildiyini diqqətə çatdıran Fariz Əliyev bildirib: “Bu gün həm dəhliz üzrə əməkdaş ölkələr, həm də beynəlxalq auditoriya və sahəvi təşkilatlar ölkəmizin beynəlxalq yükdaşımalardakı mütərəqqi yanaşmasını və proqressiv islahatları təqdir edərək Azərbaycanın bu dəhlizlərdə, xüsusilə də Orta Dəhlizin inkişafında açar ölkə kimi böyük töhfələr verdiyini vurğulamaqdadır. Biz bu səylərimizi davam etdirmək, həm şəhər nəqliyyatı sahəsində beynəlxalq təcrübəyə uyğun sistemli inkişafı təmin etmək, həm də beynəlxalq nəqliyyat əməliyyatlarında daha aktiv rol oynamaq niyyətindəyik”.
Eyni zamanda, Azərbaycanın nəqliyyat sahəsində innovativ və müasir yanaşmaların tətbiqinə xüsusi önəm verdiyini, rəqəmsallaşma, dayanıqlı və “ağıllı” nəqliyyat sistemlərinin qurulması istiqamətində həyata keçirilən tədbirlərlə qabaqcıl ölkələr sırasında yer aldığını vurğulayan şöbə müdiri əlavə edib: “Bu baxımdan hesab edirik ki, Beynəlxalq Nəqliyyat Forumuna sədrlik ölkəmizin tranzit və logistika mərkəzi kimi rolunu daha da gücləndirib. Bu fəaliyyətlər geniş coğrafiyada nəqliyyat əlaqələrinin inkişafına təkan verməklə yanaşı, yeni investisiya və tərəfdaşlıq imkanları yaradır və Avrasiyanın nəqliyyat xəritəsində mühüm strateji mövqeyə malik ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindən qaynaqlanan coğrafi üstünlüyünü daha da möhkəmləndirir. Bütün bunları nəzərə alaraq düşünürük ki, Beynəlxalq Nəqliyyat Forumuna sədrlik ölkəmiz üçün vacib və uğurlu dövr oldu. Bu təcrübə gələcəkdə Azərbaycanın beynəlxalq platformalarda daha fəal iştirakına, yeni təşəbbüslərlə çıxış etməsinə zəmin yaradır”.
Azərbaycanın sədrlik dövründə qlobal nəqliyyat gündəliyinə töhfə verən bir sıra mühüm təşəbbüslərlə çıxış etdiyini deyən Fariz Əliyev dayanıqlı və rəqəmsal nəqliyyat mövzusunun ön plana çıxarıldığını və beş əsas prioritetin müəyyən olunduğunu bildirib. Bu prioritetlərin beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması, daha yaxşı əlaqələndirilmiş şəhərlərə “ağıllı” keçid, yeni üzvlərin qəbulu, beynəlxalq yük daşımaları üçün verilən icazələrin coğrafiyasının genişləndirilməsi, eləcə də potensialın gücləndirilməsi və bilik mübadiləsindən ibarət olduğu vurğulanıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Leypsiq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.