AZ

Xərçəng niyə artır? — Onkoloq gizli məqamları açıqladı

Dünyada və Azərbaycanda onkoloji xəstəliklərin statistikasında müşahidə olunan artım həm tibbi texnologiyaların inkişafı, həm də qlobal həyat tərzinin dəyişməsi ilə birbaşa bağlıdır. Artıq xərçəng sadəcə tibbi deyil, həm də sosial problemə çevrilib. Müasir dövrdə diaqnostika imkanlarının genişlənməsi gizli qalan halların üzə çıxarılmasını təmin etsə də, ətraf mühit və vərdişlərin mənfi təsiri real xəstə sayını da artırır.

Onkoloq Tahir Tahirov Demokrat.az-a açıqlamasında deyib ki, xərçəng xəstəliklərinin son illərdə daha çox görünməsi bir neçə amillə bağlıdır.

Həkim bildirib ki, xəstəliyin artması təkcə onun yayılması ilə deyil, həm də aşkarlanma səviyyəsinin yüksəlməsi ilə izah olunur. Əvvəllər diaqnoz qoyulmayan bir çox hal indi ilkin mərhələdə müəyyən edilir. Lakin bu, real təhlükənin azaldığı mənasına gəlmir. Hərəkətsizlik, yanlış qidalanma və piylənmə kimi faktorlar orqanizmin bioloji balansını pozaraq şiş toxumalarının yaranmasına münbit şərait yaradır.

“Burada həm real artım, həm də diaqnostika imkanlarının inkişafı rol oynayır. Əvvəllər bir çox xəstəlik gec mərhələdə aşkarlanırdı və bəzi hallarda səbəb tam müəyyən edilmirdi. İndi isə müasir müayinələr sayəsində şişlər daha erkən mərhələdə müəyyən olunur. Bu da statistik göstəricilərin artmasına təsir edir. Lakin məsələ yalnız diaqnostika ilə bağlı deyil. Müasir həyat tərzi də risk faktorlarını ciddi şəkildə artırır. İnsanların daha az hərəkət etməsi, artıq çəki, qeyri-sağlam qidalanma və hazır məhsulların çox istifadəsi orqanizmdə müxtəlif dəyişikliklər yaradır. Xüsusilə siqaret və alkoqol istifadəsi bir çox xərçəng növü üçün əsas risk faktorlarından hesab olunur. Ətraf mühitin çirklənməsi də mühüm səbəblərdən biridir. Havanın keyfiyyətinin pisləşməsi, kimyəvi maddələr və bəzi sənaye tullantıları uzunmüddətli təsir göstərərək xəstəlik riskini artırır. Eyni zamanda insanlar əvvəlki dövrlərlə müqayisədə daha uzun yaşayır”. 

Həkimin sözlərinə görə, yaşlanma faktoru xərçəng riskini təbii olaraq artırır, çünki zaman keçdikcə hüceyrələrin bölünmə prosesində genetik səhvlərin və mutasiyaların yaranma ehtimalı çoxalır. Stress və yuxu rejiminin pozulması birbaşa şiş yaratmasa da, bədənin müdafiə baryeri olan immun sistemini çökdürərək xəstəliyə yol açır. Hazırda süd vəzi, ağciyər və bağırsaq xərçəngi kimi növlərin ön plana çıxması profilaktik müayinələrin vacibliyini bir daha təsdiqləyir.

“Stress və yuxu pozuntuları da dolayı təsir göstərən amillər sırasındadır. Birbaşa xərçəng yaratdığı tam sübut edilməsə də, uzunmüddətli stress immun sistemini zəiflədə və orqanizmin müqavimətini azalda bilər. Bundan əlavə, bəzi viruslar və genetik meyillilik də müəyyən xərçəng növlərinin yaranmasında rol oynayır. Bu gün süd vəzi, ağciyər, bağırsaq və prostat xərçəngi daha çox rast gəlinən xəstəliklər arasındadır. Erkən diaqnostika burada həyati əhəmiyyət daşıyır. Çünki xəstəlik ilkin mərhələdə aşkarlandıqda müalicənin effektivliyi xeyli yüksəlir. Məhz buna görə skrininq proqramları və profilaktik müayinələr genişləndirilir. Bu səbəbdən əsas məqsəd yalnız müalicə deyil, profilaktikanın gücləndirilməsidir. Sağlam qidalanma, fiziki aktivlik, siqaretdən uzaq durmaq və vaxtında müayinə xərçəng riskini azaltmaq üçün ən vacib addımlardandır”.

Yəni, xərçəng xəstəliyinin artması həm tibbin inkişafı nəticəsində gizli halların aşkar edilməsi, həm də müasir həyat şəraitinin gətirdiyi zərərli vərdişlərlə əlaqədardır.

Leyla Turan


Seçilən
1
1
azia.az

2Mənbələr