Prezident İlham Əliyev Bakı Metropoliteni QSC-nin yenidən təşkili ilə bağlı fərman imzalayıb. Belə ki, qurum “BakuBus” və Bakı Taksi Xidməti MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “bakupost.az”a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, ümumilikdə Bakıda yanaşma dəyişir və bu qərar gözlənilən idi:
“Getdikcə ictimai nəqliyyata yönəlmə, mobillik və mikromobil nəqliyyat vasitələrinin təşviqi - bütün bunlar demək olar ki, vahid əldə cəmlənir. Yəni artıq Bakı Metropoliteni, Bakı Taksi Xidməti və Bakı Bus bir-biri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Sərnişin mübadilə məntəqələri də bu prosesin əsas hissəsidir”.
Ekspert qeyd edib ki, bütün sistem vahid əldə cəmləşdikdən sonra onların bir-biri ilə inteqrasiyası asanlaşacaq:
“Məsələn, Bakı ətrafından gələn sərnişin avtobusla şəhərə daxil olub metroya keçəcək, daha sonra isə digər nəqliyyat vasitəsi ilə hərəkətini davam etdirə biləcək. Bu inteqrasiya həm ödəniş sistemində, həm də məlumat mübadiləsində özünü göstərəcək. Gələcəkdə hətta tramvay xətlərinin də yaradılması planlaşdırılır və bu istiqamətdə artıq addımlar atılır.
Hesab edirəm ki, bu, müsbət bir addımdır. İctimai nəqliyyatın idarə edilməsində yeni mərhələ başlayır və bu dəyişikliklərin öz effektini göstərəcəyi gözlənilir. Bu da vətəndaşların ictimai nəqliyyata inamını artıracaq və istifadə imkanlarını daha da genişləndirəcək”.
Bizim.Media