Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Çinarə Ağayeva: “Tənzimləmə olmadan formalaşan bazarlarda adətən üç əsas problem yaranır”
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Lombardlar haqqında” yeni qanun layihəsinin hazırlandığını açqılayıb. O, dünən keçirdiyi mətbuat konfransında bildirib ki, qanunun qəbulunun məqsədi istehlakçıların hüquqlarının daha yaxşı qorunmasını təmin etməkdir.
Biznes sektoru üzrə məsləhətçi Çinarə Ağayeva “AzPolitika”-ya açıqlamasında AMB sədrinin çıxışını şərh edərkən bildirib ki, Azərbaycanda lombard fəaliyyəti ilə bağlı yeni normativ-hüquqi bazanın hazırlanması istiqamətində verilən son mesajlar göstərir ki, bu sektor artıq diqqət mərkəzindədir.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən qaldırılan bu təşəbbüs əslində, illərdir tənzimlənməyən və struktur problemlərlə yüklənmiş bir bazarın yenidən qurulması deməkdir: “Amma məsələyə təkcə hüquqi çərçivə kimi deyil, həm də iqtisadi və sosial təsir baxımından yanaşmaq vacibdir. Lombardlar Azərbaycanda uzun müddət “alternativ maliyyə çıxışı” kimi fəaliyyət göstərib. Bank kreditlərinə çıxışı məhdud olan əhali üçün bu xidmətlər sürətli və əlçatan maliyyə mənbəyi rolunu oynayıb. Lakin bu əlçatanlıq çox vaxt yüksək qiymətə başa gəlib. Mövcud reallıq göstərir ki, faiz dərəcələri əksər hallarda qeyri-şəffafdır. Girovların qiymətləndirilməsi subyektiv xarakter daşıyır. Müqavilə münasibətləri hüquqi standartlara tam uyğun deyil. Bu isə sektoru həm istehlakçı hüquqları, həm də maliyyə sabitliyi baxımından riskli edir. Bəzi lombardlar bazar dəyərinin 30-40%-i ilə girov qəbul edir. Lombard kreditləri üzrə aylıq yüksək faizlər və əlavə xərclər nəzərə alındıqda, effektiv illik faiz dərəcəsi bəzi hallarda 100%-i keçə bilir. Müştəri ilə münasibətlər çox vaxt hüquqi deyil, “praktiki” qaydalarla tənzimlənir. Bu model qısa müddətdə qazanc gətirsə də, uzunmüddətli perspektivdə dayanıqlı biznes modeli deyil”.
Ekspert əlavə edib ki, lombardlarla bağlı normativ-hüquqi bazanın artıq müvafiq qurumlarla razılaşdırılma mərhələsində olması əslində, bu sahədə yeni mərhələnin başlanğıcını ifadə edir.
O, vurğulayıb ki, bu addımın gecikmiş olması müzakirə mövzusu olsa da, onun zəruriliyi artıq mübahisə doğurmur. Tənzimləmə olmadan formalaşan bazarlarda adətən üç əsas problem yaranır: “Müştəri real şərtləri tam anlamır, bazarda yüksək faizlər və qeyri-ədalətli şərtlər mövcud olur və sektorun maliyyə sisteminə inteqrasiyası mümkün olmur. Azərbaycan lombard bazarı da bu klassik problemlərdən kənarda deyil. Sahədə aparılan müşahidələr bir neçə tipik problemi üzə çıxarır. Birinci problemfaiz yükünün yüksək olmasıdır. Müştəri qısa müddətli ehtiyac üçün lombarda müraciət edir, lakin yüksək faiz və cərimələr səbəbindən borc sürətlə artır. Nəticədə girov itirilir və sosial narazılıq yaranır. İkinci problemqiymətləndirmədə qeyri-bərabərlikdir. Eyni əşya fərqli lombardlarda fərqli qiymətləndirilir. Bu isə bazarda vahid standartların olmamasını göstərir. Üçüncü problemsektorda olan hüquqi boşluqlardır. Standart müqavilə formalarının olmaması mübahisələrin artmasına və hüquqi qeyri-müəyyənliyə səbəb olur”.
Çinarə Ağayeva bildirib ki, beynəlxalq təcrübəyə nəzər salsaq, inkişaf etmiş ölkələrdə lombard fəaliyyəti ciddi şəkildə tənzimlənir: “Faiz limitləri, lisenziyalaşdırma, girovların qorunması və müştəri hüquqları qanunvericiliklə dəqiq müəyyən edilir. Bu yanaşma bazarın sağlamlaşdırılmasına və istehlakçı hüquqlarının qorunmasına xidmət edir. Azərbaycan üçün isə əsas çağırış bu təcrübəni mexaniki şəkildə tətbiq etmək deyil, lokal reallıqlara uyğunlaşdırmaqdır. Çünki ölkədə lombard xidmətlərinə tələbatın əsas səbəbi maliyyə inklüzivliyinin hələ də tam təmin olunmamasıdır. Bu baxımdan yeni normativ bazanın tətbiqinin bir neçə istiqamətdə dəyişikliklərə səbəb olacağı gözlənilir. Belə ki, yeniliklər zəif və qeyri-rəsmi oyunçuları sıradan çıxaracaq. Standart qaydaların tətbiqi şəffaflığı artıracaq. Və yüksək marjalar yerini daha balanslı modellərə verəcək”.
Ekspert hesab edir ki, bu proses qısa müddətdə çətinliklər yaratsa da, uzunmüddətli perspektivdə daha dayanıqlı sektor formalaşdıracaq.
“Nəticə etibarilə, lombard bazarında baş verəcək bu dəyişikliklər təkcə bir sahənin deyil, ümumilikdə maliyyə sisteminin daha şəffaf, inklüziv və dayanıqlı qurulmasına xidmət edəcək”, - deyə, o vurğulayıb.
Rasim
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.