Bakıda tramvay nəqliyyat növü ilə sərnişindaşıma xidmətinin təşkilini “Bakı Metropoliteni” QSC həyata keçirəcək.
Bu məsələ Prezident İlham Əliyevin ““Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmanında əksini tapıb.
Fərmanla müəyyən edilib ki, cəmiyyət ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
Qeyd edək ki, bu ilin yanvar ayında “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakının Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək tramvay xəttinin çəkiləcəyini bildirib.