AZ

Ruslan Atakişiyev: Bir sıra ölkələrdə İslam bankçılığı məhsulları ilə ənənəvi bank məhsulları paralel təklif olunur

Bakı, 7 may, AZƏRTAC

İslam maliyyəsinin əsas prinsipləri – faizsiz maliyyələşmə, riskin bölüşdürülməsi və real aktivlərə bağlılıq mövcud ənənəvi bank modelindən köklü şəkildə fərqlənir. Sizcə, bu iki sistemin paralel fəaliyyət göstərməsi üçün tənzimləyici çərçivə necə qurulmalıdır ki, həm maliyyə sabitliyi qorunsun, həm də islam maliyyəsi formal deyil, mahiyyət etibarilə tətbiq olunsun?

İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, dünyanın bir sıra ölkələrində ikili bank sistemi paralel şəkildə fəaliyyət göstərir.

“Məsələn, Malayziyada maliyyə bazarının təxminən 36 faizi İslam bankçılığına aiddir, qalan hissə isə ənənəvi (faizli) bank sistemini əhatə edir. Türkiyədə isə bu nisbət daha fərqlidir: təxminən 10 faiz İslam bankçılığı, 90 faiz isə ənənəvi bankçılıqdır. Bu iki sistem bir ölkə daxilində eyni vaxtda fəaliyyət göstərə bilir və tənzimləyici qurumlar paralel şəkildə ikili yanaşma tətbiq edirlər. Belə ki, həm ayrıca İslam bankları üçün, həm də ənənəvi bankların nəzdində yaradılan İslam maliyyə “pəncərələri” üçün xüsusi standartlar hazırlanır. Bu fəaliyyətlərin həyata keçirilməsi üçün müəyyən çərçivə sənədləri formalaşdırılır və həmin qaydalara uyğun olan qurumlara ayrıca lisenziya verilir”, - deyə Ruslan Atakişiyev vurğulayıb.

Ekspert qeyd edib ki, lisenziya alan banklar öz fəaliyyətlərini İslam maliyyə prinsiplərinə uyğun şəkildə həyata keçirir və bazarda həmin məhsulları təqdim edirlər: “Dünya təcrübəsi göstərir ki, İslam bankçılığı məhsulları ilə ənənəvi bank məhsulları paralel şəkildə təklif olunur və qiymətlər elə tənzimlənir ki, rəqabət mühiti qorunsun, bazarda balans pozulmasın”.

Seçilən
24
1
azertag.az

2Mənbələr