Azərbaycan və Özbəkistanın Müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə Herbiand.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.
Səfər çərçivəsində özbəkistanlı qonaqlar Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.


