ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də bp şirkətinin dəstəyi ilə nəşr olunan gələcəyə yönəlmiş üç yeni kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir bp-nin Azərbaycanda təhsilə, uzunmüddətli potensialın inkişafına və enerji keçidinə dəstək məqsədilə həyata keçirdiyi sosial sərmayə layihəsinin yekununa həsr olunub. Layihə çərçivəsində bir yeni kitab hazırlanaraq nəşr edilib, iki beynəlxalq nəşr isə Azərbaycan dilinə tərcümə olunub.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycanda təhsilin inkişafına və bilik mübadiləsinə dəstək şirkətin sosial təşəbbüslərinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, layihənin məqsədi açıq elm, süni intellekt və təmiz enerji sahələrində qlobal biliklərə çıxışı genişləndirmək, yerli tədqiqatçıların və tələbələrin yeni ideyalarla tanış olmasına şərait yaratmaqdır. Ümumi dəyəri 152 min 938 manat (90 min ABŞ dolları) olan layihə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyi tərəfindən icra olunub.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri, müəllif İlqar Orucov kitabların hər birinin təkcə Azərbaycan alimləri üçün deyil, eyni zamanda, dünyanın fərqli ölkələrində yaşayan alimlər üçün müasir tədqiqat istiqamətlərindən biri olduğunu söyləyib. O bildirib ki, açıq elmin təşviqi bütövlükdə elmin demokratikləşdirilməsi, şəffaflığın təmin olunması, eyni zamanda, elmin qapalı laboratoriyalardan bütövlükdə hamı üçün əlçatan olunmasına hədəflənib.
Təqdim olunan nəşrlər sırasında “Açıq elmin öyrənilməsi üçün 12 modul” kitabı açıq elmin əsas prinsipləri, açıq çıxış və tədqiqat məlumatlarından məsuliyyətli istifadə məsələlərini əhatə edir. Nəşrin məqsədi açıq elm sahəsində beynəlxalq təcrübəni təşviq etmək və tədqiqatçılar üçün praktik istiqamətlər təqdim etməkdir.
Azərbaycan dilinə tərcümə edilmiş Helqa Noutninin müəllifi olduğu “Biz süni intellektə güvənirik: Güc, illüziya və proqnozlaşdırıcı alqoritmlərə nəzarət” kitabında süni intellektin sosial və etik təsirləri, eləcə də proqnozlaşdırıcı alqoritmlərin cəmiyyətə təsiri təhlil edir. Azərbaycan dilində təqdim olunan Daniel J. Fiorinonun “Təmiz enerjiyə keçid: Aşağı karbonlu dünya üçün siyasətlər və strategiyalar” kitabında isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpaolunan enerji mənbələri və enerji siyasətləri ilə bağlı çağırışlardan bəhs edilir.
Müxbir - Aysel Azadqızı





Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.