AZ

Kaya Kallasın Azərbaycana səfəri praqmatizmin və strateji tərəfdaşlığın yeni üfüqlərini açır - Ekspert rəyi

Bakı, 7 may, AZƏRTAC

Beynəlxalq münasibətlərin neorealist paradiqmasına əsasən, qlobal sistemdə sabitlik mütləq mənada güc bölgüsü, dövlətlərin rasional strategiyaları və formalaşdırılan təhlükəsizlik arxitekturası ilə müəyyən olunur. Nəzəri yanaşmalar birmənalı şəkildə təsdiq edir ki, beynəlxalq siyasətdə regional güc mərkəzləri həmin alt-sistemin sabitliyinin təməl sütunu qismində çıxış edirlər. Cənubi Qafqazın müasir geosiyasi landşaftına bu konseptual müstəvidən nəzər saldıqda, Azərbaycanın mütləq regional güc mərkəzi və həlledici "oyunqurucu" kimi çıxış etdiyi inkaredilməz bir gerçəklikdir. Praqmatik xarici siyasət və sərrast güc balansı strategiyası sayəsində rəsmi Bakı regionun nizamını yenidən dizayn edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Bayram Əliyev deyib.

Onun sözlərinə görə, bu konseptual reallığın ən ali praktik təzahürü bu günlərdə baş tutan və beynəlxalq medianın diqqət mərkəzində olan diplomatik təmaslarda öz əksini tapır. Prezident İlham Əliyevin Avropa İttifaqının Ali Nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi ikitərəfli münasibətlərin adi institusional çərçivədən çıxaraq, ən yüksək siyasi iradə səviyyəsində strateji dialoqa çevrildiyini təsdiqləyir. Avropa Siyasi Birliyinin Ermənistandakı Zirvə toplantısından dərhal sonra Kaya Kallasın Bakıya gəlməsi qitənin enerji, logistika və təhlükəsizlik ehtiyaclarının məhz regionun əsas gücü olan dövlətlə - rəsmi Bakı ilə birbaşa uzlaşdırılması zərurətindən doğur.

“Avropa İttifaqı daxilində qərarların qəbulu mexanizmi mürəkkəbdir. Bəzən Avropa Parlamentində təmsil olunan müxtəlif lobbi qrupları və radikal fraksiyalar ideoloji və qərəzli motivlərlə Azərbaycan-Aİ münasibətlərinə xələl vurmağa çalışırlar. Lakin beynəlxalq sistemin sərt qanunauyğunluqları göstərir ki, dövlətlərin və beynəlxalq təşkilatların həyati təhlükəsizlik maraqları həmişə emosional ritorikanı və qərəzli siyasi düşüncələri üstələyir. Məhz buna görə də Aİ-nin real siyasəti idarə edən icraedici strukturları, xüsusilə Avropa Komissiyası bu cür cəhdlərə baxmayaraq, regional “oyunqurucu” olan Azərbaycanla rasional, praqmatik və davamlı əməkdaşlığı inkişaf etdirir. Hazırda Brüssel və Bakı arasında əlaqələr nəqliyyat, enerji təhlükəsizliyi və siyasi-hərbi təhlükəsizlik dialoqu əsasında tənzimlənir.

Azərbaycanın regionun əsas gücü və qlobal miqyaslı “oyunqurucu” olmasını təsdiqləyən spesifik və monumental nümunələr vardır. Şərqi Avropada başlayan və qlobal enerji arxitekturasını çökdürmək təhlükəsi yaradan Ukrayna münaqişəsi fonunda Avropa İttifaqı ciddi təchizat böhranı ilə üzləşib. Bu kritik məqamda Azərbaycan dərhal və etibarlı şəkildə Avropaya qaz ixracını artıraraq qısa müddətdə qitəni ehtimal olunan enerji böhranından xilas edib. Hazırda Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması, son olaraq Avstriya və Almaniyanın bu təchizat şəbəkəsinə inteqrasiya olunması, ölkəmizin təkbaşına beynəlxalq böhranları yumşaltma, beynəlxalq sistemin davamlılığını təmin etmə qabiliyyətini göstərir. Kallasın Azərbaycanı "dəyərli və etibarlı enerji tərəfdaşı" adlandırması da bu gücün etirafıdır”, - deyə B.Əliyev vurğulayıb.

Azərbaycan Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat ekosistemini yenidən qurub

Ekspert bildirib ki, qlobal logistika zəncirindəki qırılmalar, şimal marşrutundakı sanksiyalar, Yaxın Şərqdə, xüsusilə Qırmızı dəniz hövzəsində dəniz ticarətinə yaranan təhdidlər Avropanın ticarət yollarını iflic etmək riskini daşıyır. Bu fonda Azərbaycanın illər əvvəl böyük strateji uzaqgörənliklə inkişaf etdirdiyi Orta Dəhliz layihəsi, həmçinin qısa zamanda açılması planlaşdırılan TRIPP layihəsi Asiya ilə Avropanı birləşdirən ən təhlükəsiz quru və dəniz arteriyasına çevrilmə potensialını daşıyır. Azərbaycan, sadəcə, öz tranzit potensialını təqdim etməklə qalmayıb, eyni zamanda, Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat ekosistemini yenidən qurub.

“Beynəlxalq nizamda dayanıqlı sülh hegemon gücün status-kvonu müəyyən etməsi və onu qoruması ilə əldə olunur. Güclü “oyunqurucu”nun yaratdığı iqtisadi və siyasi sistem bütövlükdə regionu, hətta keçmiş rəqiblərini də xarici şoklardan sığortalayır. Çox aktual bir nümunə olaraq, yaxın keçmişdə Yaxın Şərqdə yaranmış hərbi-siyasi böhran və enerji zəncirlərinin qırılması ehtimalı fonunda Ermənistan ciddi enerji kollapsı və sosial-iqtisadi böhranla üzləşə bilərdi. Lakin məhz Azərbaycanın regionda bərqərar etdiyi stabil arxitektura, diversifikasiya olunmuş layihələr və proqnozlaşdırılabilən resurs tənzimlənməsi sayəsində bu xarici şok dalğası regiona nüfuz edə bilməmiş, nəticədə, Ermənistanda daxili enerji qiymətləri sabit qalıb və böhran yaşanmayıb. Bu fakt özlüyündə sübut edir ki, Azərbaycanın gücü və formalaşdırdığı nizam təkcə milli maraqlara deyil, həm də regional sülhə və sabitliyə xidmət edir”, - deyə Bayram Əliyev əlavə edib.

O, həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin sammitində irəli sürdüyü konseptual görüşlər də qitə tərəfindən məhz bu reallıqlar prizmasından qəbul edilir. Aİ tərəfindən Azərbaycanın sülhyaradıcı fəaliyyətinin "tarixi fürsət" kimi qiymətləndirilməsi, regionda yaranmış yeni güc balansının tam legitimlik qazanması deməkdir.

“Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətinin Bakı səfəri, aparılan danışıqlar və qəbul edilən qərarlar bir daha sübut edir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri şərtlərin təlqin etdiyi qısamüddətli taktiki siyasi addımlardan tamamilə uzaq, konseptual və strateji yetkinlik səviyyəsinə çatıb. Azərbaycan müasir beynəlxalq sistemində sıravi, passiv aktor olmağın fövqündə qlobal güclərin hesablaşdığı, mənafeyinə uyğun qarşılıqlı asılılıqlar yaradan, mürəkkəb geostrateji kəsişmələrdə sabitliyi diktə edən təməl sütun və əsas regional “oyunqurucu”dur. Avropa İttifaqı bu reallığı nəzəriyyədə dərk edir və praktikada bu güc mərkəzi ilə uzunmüddətli tərəfdaşlığını dərinləşdirir”, - deyən ekspert fikirlərini yekunlaşdırıb.

Seçilən
2
1
azertag.az

2Mənbələr