AZ

İlahiyyatçı: “Adamı "Quran"nın altından keçirmək gülüncdür, kitab adi kağız və mürəkkəbdən ibarətdir”

"Quran" kitabının altından keçmək və ya kimisə keçirmək, İslam mədəniyyəti ilə əlaqələndirilən qədim adətlərdən biridir. İnsanlar bu zaman işlərinin yolunda gedərək uğurlu nəticələnəcəyinə inanırlar. Bu adət daha çox imtahan ərəfəsində, vacib səfər zamanı tətbiq edilir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, Quran oxunmaq və əməl edilmək üçün nazil olub.

 

O bildirib ki, müqəddəs kitab atribut, simvol kimi istifadə üçün deyil: “Bəzən adamları Quran kitabının altından keçirirlər, maşının ön hissəsindən asırlar, yaxud evdə hündür yerə qoyurlar. Bu, yanlış ənənədir. İslam dini, dinin mahiyyətinə zidd olan əməlləri bidət adlandırır. Yəni, hər xalq bu dinə bir xurafat, bir mövhumat əlavə etsə, din öz sağlığında qalmaz, təhrif olunar. Ona görə diqqətli olmaq lazımdır ki, öz dinimizi özümüz məhv etmiş olmayaq. Zahirən yaxşı əməl kimi görünsə də, Quran altından keçmək bütpərəstlikdən keçib. Qədim atəşpərəstlər odun, alovun altından keçməyi günahların bağışlanması kimi qəbul edirdilər. “Quran” adicə kağız və mürəkkəbdən ibarətdir. Onun kağızı insanı qoruya bilməz. Əsas olan Quranın mənası, mahiyyəti, anlamı və əmrləridir. Əgər adam bunlara əməl etmirsə, onu kitabın altından keçirmək gülüncdür. Bir şagird coğrafiya dərsini oxumayıb, dərs kitabının altından keçsə, o fənn ona heç bir fayda verə bilməz. Quranı cəmiyyətdən, sosial həyatdan, yaşamdan uzaqlaşdırıb hündür yerə qoydular, oxumağı, əməl etməyi deyil, altından keçməyi əmr etdilər. Bunlar xurafat, cəhalət və İslamın əslinə qarşıdır. Fars yönümlü cərəyanlar belə bidətləri əlləri çatan İslam bölgələrində yaydılar ki, dinin qaydalarını xarab etsinlər. Bizlərə belə xurafatlar onlardan keçib. İranla təması olmamış bölgələrdə belə şeylər yoxdur”.

 

Şəhanə Quliyeva

Tarix: 7 May 2026, 14:14   
Seçilən
6
2
pravda.az

3Mənbələr