AZ

Zamiq Əliyev Albaniyada Vüsal İsgəndərlini məyus etdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 35-ci turu çərçivəsində “Partizani” ilə qarşılaşıb.

Hansı ki, “Partizani”də də digər azərbaycanlı futboçu Vüsal İsgəndərli çıxış edir. “Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Azərbaycanlı futbolçular matça start heyətdə başlayıblar. Vüsal fasilədə əvəzlənib. Zamiq isə 90 dəqiqə meydanda qalıb. Komandasının ilk qolunu da Əliyev vurub. O, 17-ci dəqiqədə fərqlənməklə qələbənin təməlini qoyub.


“Eqnatiya” 35 turdan sonra 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 35 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

“Partizani” isə 35 turdan sonra 45 xalla 5-cidir. Sözügedən komanda 35 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 71 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Vüsal İsgəndərli isə Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
8
arena.az

10Mənbələr