AZ

“Ermənistan geosiyasi rəqabətin obyektinə çevrilir” deputat

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Cənubi Qafqaz uzun illərdir böyük güclərin maraqlarının toqquşduğu geosiyasi məkanlardan biri olaraq qalır. Lakin son illərdə regionda baş verən proseslər bu rəqabəti daha da intensivləşdirib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni reallıq, Azərbaycanın regional təşəbbüsləri və dəyişən beynəlxalq enerji-logistika xəritəsi Cənubi Qafqazı qlobal siyasi gündəmin əsas istiqamətlərindən birinə çevirib. Bu kontekstdə Ermənistanın xarici siyasət kursunda müşahidə olunan ziddiyyətli dinamika xüsusi diqqət çəkir. Belə ki, bir tərəfdən İrəvan Qərbə yaxınlaşmağa çalışır, digər tərəfdən isə təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində Rusiyadan ciddi şəkildə asılı olaraq qalır. Məhz bu ikili vəziyyət regionda qüvvələr balansına birbaşa təsir göstərir. Bu da Azərbaycan üçün həm yeni imkanlar, həm də müəyyən risklər yaradır". 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

Deputat bildirib ki, son iki ildə Ermənistan rəhbərliyinin Avropa İttifaqı və ABŞ-la münasibətləri aktivləşdirməsi təsadüfi deyil:

"İrəvan xüsusilə təhlükəsizlik sahəsində Rusiyanın zəifləyən imkanlarını və Ukrayna müharibəsindən sonra Moskvanın regional təsirində yaranan nisbi boşluğu nəzərə alaraq alternativ siyasi dayaqlar axtarmağa başlayıb. Avropa İttifaqının Ermənistanda müşahidə missiyasının yerləşdirilməsi, ABŞ-Ermənistan strateji dialoqunun genişləndirilməsi, Fransa ilə hərbi əməkdaşlıq və Qərb platformalarında Ermənistanın siyasi dəstəklə təmin olunması bu kursun əsas elementləri kimi çıxış edir. Lakin Ermənistanın Qərbə inteqrasiya imkanları hələlik məhduddur.

 Çünki ölkənin iqtisadi və təhlükəsizlik sistemi onilliklər ərzində Rusiyaya inteqrasiya olunub. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, sərhədlərinin mühüm hissəsi Rusiya sərhədçiləri tərəfindən qorunur, enerji infrastrukturu böyük ölçüdə Rusiyanın nəzarətindədir. Hətta Ermənistan iqtisadiyyatında son illərdə müşahidə olunan artımın müəyyən hissəsi də məhz Rusiya bazarı və Rusiyadan köç edən kapital hesabına formalaşıb. Başqa sözlə, İrəvan siyasi ritorikada Qərbə yaxınlaşsa da, struktur baxımından hələ də Moskvanın təsir dairəsindən tam çıxa bilmir.

Bu vəziyyət regionda mürəkkəb və qeyri-sabit balans yaradır. Bir tərəfdən, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqelərini genişləndirməyə çalışır digər tərəfdən, Rusiya regiondakı təsir imkanlarını tam itirməmək üçün Ermənistandan strateji alət kimi istifadə etməyə davam edir. Nəticədə Ermənistan getdikcə daha çox geosiyasi rəqabətin obyektinə çevrilir. Bu isə ölkənin daxili siyasi sabitliyinə də təsirsiz ötüşmür. Ermənistanda müxtəlif siyasi qüvvələrin fərqli xarici mərkəzlərə oriyentasiyası daxildə yeni parçalanma xətləri yaradır.

Deputat vurğulayıb ki, belə bir şəraitdə Azərbaycan regionda daha sabit və praqmatik aktor kimi ön plana çıxır:

Bakı uzun illərdir balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir və nə Qərb, nə də Rusiya ilə münasibətləri qarşıdurma müstəvisinə keçirmədən milli maraqlarını qorumağa çalışır. Məhz bu yanaşma Azərbaycanın beynəlxalq manevr imkanlarını genişləndirib. Bu gün Azərbaycan həm Avropa İttifaqı üçün mühüm enerji tərəfdaşı, həm Türkiyə ilə strateji müttəfiq, həm də Rusiya ilə dialoqu qoruyan regional aktor kimi çıxış edir. Ermənistanın ziddiyyətli xarici siyasəti Azərbaycan üçün bir sıra imkanlar yaradır. İlk növbədə, regionda əsas sabitlik və əməkdaşlıq platformasının müəllifi kimi Azərbaycanın rolu güclənir. Bakı artıq təkcə hərbi-siyasi baxımdan deyil, həm də enerji, nəqliyyat və kommunikasiya layihələri vasitəsilə regional gündəliyi müəyyən edən tərəfdir. Orta Dəhlizin inkişafı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının genişlənməsi Azərbaycanın strateji əhəmiyyətini artırır"

Sevinc Fətəliyeva bildirib ki, Qərb üçün də regionda etibarlı tərəfdaş məhz Azərbaycandır:

"Çünki Bakı emosional və kəskin geosiyasi dönüşlərdən uzaq, praqmatik siyasət yürüdür. Digər mühüm məqam isə odur ki, Ermənistanın Qərbə yaxınlaşması dolayısı ilə regionda kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın sürətlənməsi ehtimalını artırır. İrəvan iqtisadi blokadadan çıxmaq və yeni bazarlara inteqrasiya etmək üçün regional əməkdaşlığa daha çox ehtiyac duyur. Bu isə Azərbaycanın irəli sürdüyü regional kommunikasiya layihələrinin aktuallığını artırır.

Lakin prosesin riskləri də mövcuddur. Ən əsas təhlükələrdən biri Cənubi Qafqazın böyük güclər arasında geosiyasi rəqabət meydanına çevrilməsidir. Əgər Ermənistan Qərb-Rusiya qarşıdurmasının ön xəttinə çevrilərsə, bu, regionda yeni gərginlik dalğası yarada bilər. Xüsusilə, bəzi Qərb siyasi dairələrinin regiona ziddiyyətli yanaşması və Ermənistanı geosiyasi alət kimi istifadə etməyə çalışması sülh prosesini çətinləşdirə bilər.

 Eyni zamanda Rusiyanın regiondakı təsir imkanlarını qorumaq məqsədilə müxtəlif siyasi və təhlükəsizlik rıçaqlarından istifadə etməsi də istisna deyil. Azərbaycan üçün digər risk isə sülh prosesinin xarici aktorların rəqabət predmetinə çevrilməsi ehtimalıdır. Bakı uzun müddətdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin birbaşa dialoq yolu ilə həllini dəstəkləyir. Lakin müxtəlif xarici mərkəzlərin prosesə müdaxilə cəhdləri bəzən konstruktiv gündəliyin arxa plana keçməsinə səbəb olur. Bu isə regionda dayanıqlı sülhün əldə olunmasını ləngidə bilər".

Deputat fikirlərinə əlavə edib ki, bütün bunlara baxmayaraq, mövcud geosiyasi şəraitdə Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkə regional proseslərin passiv iştirakçısı deyil, əsas təşəbbüskarlarından biridir:

"Güclü iqtisadi potensial, enerji resursları, nəqliyyat imkanları və çoxşaxəli diplomatiya Bakıya dəyişən beynəlxalq şəraitdə çevik siyasət yürütmək imkanı verir. Məhz buna görə də Cənubi Qafqazda artan rəqabət fonunda Azərbaycan həm regional balansın əsas elementinə çevrilir, həm də yeni geosiyasi konfiqurasiyada öz mövqelərini gücləndirmək üçün əlavə imkanlar əldə edir.

Nəticə etibarilə, Ermənistanın Qərbə yaxınlaşması və eyni zamanda Rusiyadan asılı qalması regionda mürəkkəb, lakin idarəolunan yeni siyasi mənzərə formalaşdırır. Bu vəziyyət Cənubi Qafqazda rəqabəti artırsa da, yeni əməkdaşlıq formatları üçün də imkanlar yaradır. Azərbaycan isə mövcud reallıqda praqmatik siyasəti və strateji resursları sayəsində regionun əsas güc mərkəzi statusunu daha da möhkəmləndirir".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
moderator.az

3Mənbələr