Avropa İttifaqının Ermənistana göndərdiyi “hibrid təhdidlərə qarşı mübarizə qrupu” ilə bağlı ciddi iddialar səsləndirilib.
Publika.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın vəkili, Robert Amsterdam mayın 6-da jurnalistlərlə görüşündə danışıb.
Onun sözlərinə görə, sözügedən qrupun fəaliyyəti ilə bağlı 28 səhifəlik məxfi sənəd mövcuddur və bu sənəd ictimaiyyətə açıqlanmır. Amsterdam iddia edib ki, həmin sənədə əsasən, yalnız Ermənistan hökuməti bu “ekspertlərə” hansı məzmunun bloklanacağını müəyyən etmək üçün göstəriş verə bilər.
“Bu, demokratiya deyil, seçkilərə açıq müdaxilədir. Biz artıq Avropa İttifaqının Ermənistandakı yanlış siyasətini pisləyən sənədi dərc etmişik”, - deyə o bildirib.
Vəkil Avropa rəsmilərinin davranışını “utancverici” adlandıraraq, bunu insan hüquqlarından uzaqlaşma kimi qiymətləndirib. Onun fikrincə, Avropa İttifaqı Ermənistana belə bir missiya göndərmək və milyonlarla avro vəsait ayırmaq üçün əsaslara malik deyil.