AZ

Azərbaycan-İtaliya münasibətləri humanitar və strateji əməkdaşlıq müstəvisində sürətlə inkişaf ŞƏRH

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı verdikləri bəyanat iki ölkə arasında əlaqələrin yüksək səviyyəsini və geniş strateji məzmununu bir daha nümayiş etdirdi.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

O vurğulayıb ki, 2014-cü və 2020-ci illərdə imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamələr bu münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir. Sənədlərdə əks olunan prinsiplər bu gün real həyatda da uğurla həyata keçirilir və iki ölkə arasında əlaqələrin dərinliyini göstərir.

“Ciorcia Meloninin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi xüsusi rəmzi məna daşıyır. Bu addım Azərbaycan-İtaliya münasibətlərinə göstərilən hörmətin və dostluğun bariz nümunəsi kimi qiymətləndirilir. Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Belə ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir və bu əməkdaşlıq etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulub. Təbii qaz ixracı sahəsində də mühüm rəqəmlər qeydə alınıb. Keçən il Azərbaycanın 25 milyard kubmetr qaz ixracının 9,5 milyard kubmetri İtaliya bazarına yönəlib. Tərəflər bu həcmin artırılması və Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TAP layihəsinin genişləndirilməsi məsələlərini də müzakirə ediblər. Bundan əlavə, hərbi-texniki əməkdaşlıq sahəsi də yeni perspektivli istiqamət kimi dəyərləndirilib. Birgə layihələr, istehsalın təşkili və texnologiya mübadiləsi üzrə konkret ideyaların müzakirə olunduğu bildirilib. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına son illərdə təxminən 3 milyard dollar sərmayə yatırması da əməkdaşlığın dərinliyini göstərir. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də yüksək qiymətləndirilib. Hazırda 130-a yaxın İtaliya şirkəti ölkədə fəaliyyət göstərir və onların işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr xüsusi vurğulanıb. Qarabağ və Şərqi Zəngəzurda 23 layihənin icrası bu əməkdaşlığın praktik nəticəsidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Onun sözlərinə görə, ən mühüm istiqamətlərdən biri də təhsil sahəsidir. Bakıda açılmış İtaliya-Azərbaycan Universiteti artıq 500-dən çox tələbəyə ev sahibliyi edir və gələcəkdə iki ölkə arasında “təhsil körpüsü” rolunu oynayacaq. Bu layihə gənc mütəxəssislərin hazırlanması və qarşılıqlı mədəni elçilərin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Ülviyyə Həmzəyeva Azərbaycan-İtaliya münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar və strateji əməkdaşlıq müstəvisində sürətlə inkişaf etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu səfər iki ölkə arasında dostluğun və tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirərək yeni mərhələnin əsasını qoyub.

Seçilən
0
1
azertag.az

2Mənbələr