Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 6 may, AZƏRTAC
Monteneqroda keçirilən Millətlər Liqası turnirinin qalibi olmağımız Avropa çempionatı öncəsi komandamız üçün yaxşı motivasiya oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın minifutbol millisinin üzvü Vüsal İsayev deyib.
O, turnirin səviyyəsindən asılı olmayaraq qazanılan çempionluğun vacib olduğunu bildirib: “Yarışda dörd komanda mübarizə aparırdı. Reqlamentə əsasən, bütün kollektivlər qrup mərhələsində bir-biri ilə qarşılaşırdı. İlk iki yeri tutan komandalar finalda, digər yığmalar isə üçüncü yer uğrunda mübarizə aparırdı. Hazırda təlim-məşq toplanışımız davam edir. Mayın 9-da Bakıya qayıdacağıq”.
27 may - 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı barədə də danışan V. İsayev yarışa son dünya çempionu kimi qatılacaqlarını xatırladıb: “Təbii ki, bu status gözləntiləri artırır və müəyyən təzyiq yaradır. Amma nə etməli olduğumuzu yaxşı bilirik. Kifayət qədər təcrübəmiz var. Bizi dəstəkləyənləri sevindirməyə çalışacağıq”.
Oyunçu heyətdə ciddi dəyişiklik olmadığını vurğulayıb: “Komandada gənc futbolçular var. Amma onları yeni oyunçu adlandırmazdım. Daim millinin toplanışlarında iştirak ediblər. Dünya çempionatından sonra heyətdə böyük dəyişiklik olmayıb”.
Minifutbolçu hazırda formasını geyindiyi “Birbaşa” klubundakı gələcəyinə də toxunub: “Bakıda keçirilən dünya çempionatından sonra xarici klublardan təkliflər almışam. Lakin hazırda legioner həyatı yaşamağı düşünmürəm. Növbəti mövsümdə də “Birbaşa”da çıxış edəcəyəm”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.