Kreml Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını qorumaq üçün həm sərt siyasi ritorikadan, həm də sahib olduğu digər hibrid təzyiq alətlərindən istifadə etməyə cəhd göstərir... Ona görə də, Rusiya ilə münasibətləri kəskinləşən Ermənistanın qarşısında duran əsas geopolitik dilemma isə məhz təhlükəsizlik təminatı ilə siyasi suverenlik arasında real balansın tapılmasından ibarətdir...
Cənubi Qafqazda geopolitik savaşın əsas ağırlıq mərkəzi hazırda Ermənistan üzərinə yerləşdirilirb. Belə ki, Ermənistan ətrafında cərəyan edən son proseslər onu göstərir ki, Cənubi Qafqazda geopolitik balans artıq sürətlə dəyişir. Üstəlik, bu proseslər həm də açıq siyasi-psixoloji qarşıdurma mərhələsinə daxil olub. Rəsmi İrəvanın xarici siyasət kursunda radikal dəyişikliklər etməsi, ABŞ və Qərbə doğru yaxınlaşma cəhdlərini gücləndirməsi, eləcə də, Rusiyanın buna açıq şəkildə sərt reaksiya verməsi regionda yeni gərginlik xəttinin artıq formalaşdığını göstərir.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər Paşinyan hakimiyyətinin davranışlarına mümkün olduğu qədər təmkinli yanaşmağa çalışan Kremlin ritorikası hazırda birmənalı şəkildə sərtləşməyə başlayıb. Hər halda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son açıqlamaları Kreml və rəsmi İrəvan arasındakı bu qarşıdurmanın indi hansı gərginlik səviyyəsinə çatdığını birmənalı şəkildə göstərir. Çünki Kreml təmsilçisi Ermənistanın baş naziri Nikol Paşinyan və Ukrayna prezidenti Volodimir Zelenski haqqında təhqiramiz ifadələr işlədərək, onları “rusofob” adlandırıb.

Əslində, belə sərt məzmunlu açıqlamalar klassik siyasi-diplomatik etikadan kənara çıxaraq, qarşı tərəfə xəbərdarlıq mesajı olmaqla yanaşı, həm də psixoloji təzyiq alətinə də çevrilir. Üstəlik, bu, Kremlin yalnız narazılığını deyil, həm də postsovet məkanında Rusiyanın təsir imkanlarının zəifləməsi ilə bağlı artan narahatlığını da ifadə edir. Və bu baxımdan, ehtimal etmək olar ki, yaxın vaxtlarda Rusiyanın Ermənistana qarşı atacağı priventiv addımlar daha radikal xarakter daşıya bilər.
Məsələ ondadır ki, hazırda rəsmi İrəvanın Ermənistan üçün yeni geostrateji sığınma istiqaməti axtarışında olduğu açıq-aşkar müşahidə edilməyə başlayıb. Buna daha real örnəklərdən biri kimi, məhz baş nazir Nikol Paşinyanın NATO baş katibi Mark Rütte ilə görüş keçirərək, Rusiyanın patronajlığı altındakı KTMT-nın üzvü olan Ermənistanın bu hərbi-siyasi alyansla əməkdaşlığının genişləndirilmə perspektivlərini müzakirə etməsini göstərmək olar. Və onu da nəzərə almaq lazımdır ki, həmin görüşdə regional təhlükəsizlik, beynəlxalq sabitlik, eləcə də, tərəfdaşlığın yeni inkişaf perspektivləri daha ön plana çıxarılıb.
Təbii ki, həm Kremldə, həm də Qərb siyasi dairələrində erməni baş nazirin bu addımı ilk növbədə Ermənistanın təhlükəsizlik sistemini tədricən yenidən qurmaq və Rusiyadan olan ciddi asılılığı mümkün qədər azaltmaq niyyətinin açıq göstəricisi kimi qəbul olunur. Belə ki, rəsmi İrəvan indi artıq yalnız bir təhlükəsizlik mərkəzinə (Rusiya və KTMT) bağlı qalmağın böyük risklərini daha açıq şəkildə dərk etdiyini sezdirir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qalib gələcəyi təqdirdə, Ermənistanın daha israrla Rusiyadan qoparaq, Qərbə yaxınlaşmağa çalışacağı artıq qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, bəzi Qərb siyasi iradə mərkəzləri, xüsusilə də, Avropa Birliyi Ermənistanı yerinə yetiriləcəyi elə əvvəlcədən ciddi şübhələr doğuran müxtəlif vədlərlə şirnikləndirməyə çalışır. Hətta Fransa prezidenti Emmanuel Makron Avropa Birliyini Ermənistanın təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak etməyə çağırıb. Buna paralel olaraq, Fransa prezidentinin açıqlamasında xüsusilə diqqət çəkən əsas məqam isə məhz Ermənistan ərazisində hələ də Rusiya hərbi kontingentinin və sərhəd qüvvələrinin mövcudluğunu qabarıq şəkildə vurğulaması olub.
Belə anlaşılır ki, Fransa prezidenti bir tərəfdən, dolayısı ilə rəsmi İrəvanı Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna son qoyulmasına çağırır. Digər tərəfdən isə onun bu bəyanatı həm də Avropa Birliyinin Ermənistanı tədricən Qərb təhlükəsizlik sisteminin “çətiri” altına salmaq niyyətini sezdirir. Rəsmi Parisin bu məsələdə təşəbbüskar mövqe tutması isə Fransanın Cənubi Qafqazla bağlı geopolitik ambisiyalarının artmaqda olduğunu da biruzə verir. Halbuki, ABŞ-ın Avropa Birliyi ilə qarşıdurma vəziyyətində olduğunu nəzərə alsaq, həm Fransanın, həm də elə bütövlükdə “qoca qitə”nin özünün də yeni “təhlükəsizlik çətiri”nə ehtiyacı olmamış deyil.
Maraqlıdır ki, Kremlin rəsmi İrəvana qarşı sərt təzyiqlərinə son vaxtlar Ermənistanın hakim siyasi elitasından da radikal məzmunlu reaksiyalar verilməyə başlayıb. Bu baxımdan, Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamaları iki ölkə arasındakı gərgin vəziyyətin artıq xarici siyasət çərçivəsindən kənara çıxmağa başladığını göstərir. Hər halda, rəsmi İrəvanın bu gərginlikdən hətta seçkiqabağı təbliğat üzrə ölkədaxili siyasi proseslərdə də yararlanmağa çalışdığı müşahidə olunur. Belə ki, erməni spiker Rusiyanı açıq mətnlə Ermənistanda hakimiyyətə təsir göstərməyə çalışmaqda, media və informasiya məkanına maliyyə müdaxiləsi etməkdə ittiham edib.
Məsələ ondadır ki, Alen Simonyan birmənalı şəkildə bəyan edib ki, Rusiya Ermənistanda hakimiyyəti dəyişdirməyə çalışır. Ancaq erməni spiker əmin olduğunu bildirib ki, Ermənistan heç vaxt “Belarus modeli” ilə idarə olunmayacaq, bundan sonra daha Rusiyanın “forpostu”na və ya “vassalına” çevrilməyəcək. Və rəsmi İrəvanı təmsil edən yüksək rütbəli siyasətçilərin belə radikal reaksiyaları həm də Ermənistanın siyasi elitası daxilində Rusiya əleyhinə mövqenin kifayət qədər güclü olduğunu göstərir.

Göründüyü kimi, Rusiya və Ermənistan arasında artıq tədricən yeni siyasi-psixoloji qarşıdurma modeli formalaşmağa başlayıb. Belə ki, mövcud vəziyyət onu göstərir ki, Ermənistan artıq Rusiyanın klassik təsir zonası çərçivəsindən kənara çıxmağa çalışır. Buna paralel olaraq isə Ermənistan həm də Cənubi Qafqazda geopolitik maraqları olan qlobal güclərin əsas rəqabət poliqonuna da çevrilmək üzrədir. Üstəlik, bu qarşıdurma Ukraynadakı kimi birbaşa hərbi müstəvidə olmasa da, hər halda siyasi, informasiya və diplomatik səviyyələrdə kifayət qədər kəskin xarakter almaqda davam edir.
Ona görə də, Kreml Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını qorumaq üçün həm sərt siyasi ritorikadan, həm də sahib olduğu digər hibrid təzyiq alətlərindən istifadə etməyə cəhd göstərir. Bunun qarşılığındasa, ABŞ və Avropa Birliyi Ermənistanı Qərbin təhlükəsizlik və siyasi orbitinə yerləşdirməyə çalışır. Və bu baxımdan, Ermənistan hazırda iki fərqli, həm də qarşıdurma vəziyyətində olan geopolitik model arasında prinsipial seçim etməyə məcbur qalmış kimi görünür.
Bütün bunlar onu göstərir ki, hazırda Ermənistanın qarşısında duran əsas geopolitik dilemma məhz təhlükəsizlik təminatı ilə siyasi suverenlik arasında balansın tapılmasından ibarətdir. Belə ki, Rusiya ilə münasibətlərin gərginləşmə müstəvisi üzərindən davam etməsi Ermənistan üçün ən qısa müddətdə təhlükəsizlik risklərini daha da artıra bilər. Rəsmi İrəvanın Qərbə inteqrasiya kursu isə uzunmüddətli perspektivdə yeni imkanlar vəd etsə də, bu prosesin də tamamilə risksiz olduğunu düşünmək sadəlövhlük olardı. Və belə anlaşılır ki, Ermənistan üzərində geopolitik mübarizə hələ uzun müddət davam edəcək, qlobal güc balansının real təsirləri isə onun gələcək taleyində həlledici rol oynayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
