Bakı, 6 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən hər il 400 mindən çox fermerə əkin subsidiyası ödənilir. Subsidiyalar 1,2 milyon hektardan çox sahədə aparılan əkin sahələrinə görə verilir.
AZƏRTAC xəbər verir ki, bunu AKİA-nın sədri Yalçın Camalov jurnalistlərə açıqlaması zamanı deyib.
O, bitkiçilik və heyvandarlıq istiqamətində subsidiya və güzəştlərin tətbiqinin əhəmiyyətini bildirib.
“Fermerlərin aldığı damazlıq heyvanların dəyərinin 60 faizinə dövlət tərəfindən subsidiya verilir. Kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların dəyərinin isə 40 faizi dövlət tərəfindən ödənilir. Son 5 il ərzində müasir suvarma sistemlərinin dəyərinin subsidiyalaşdırılması nəticəsində 46 min hektardan çox ərazidə müasir suvarma sistemləri quraşdırılıb. Həmçinin özəl sərmayələrin aqrar sahəyə cəlb edilməsi məqsədilə faiz subsidiyasının da tətbiqinə başlanılır. 2026-2027-ci əkin təsərrüfat ilindən etibarən fermerlərimiz banklardan kredit götürə biləcəklər”, - deyə Yalçın Camalov qeyd edib.