AZ

Türkoloq: “Türklük və İslamlığı bir-birinə qarşı qoymaq qətiyyən doğru deyil”

Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrətin “İslam dini, Türk millətinin başına gəlmiş ən böyük bəladır” fikirləri sosial şəbəkədə geniş müzakirə və mübahisəyə səbəb olub. A. Həsrət türklüyün İslam dini ilə əlaqəsinin olmadığını bildirir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, tanınmış türkoloq alim Faiq Ələkbərli bildirib ki, türklük və İslamlığı bir-birinə qarşı qoymaq qətiyyən doğru deyil.

 

Alim qeyd edib ki, türklük və İslamlığı qarşı-qarşıya qoymaq türk xalqlarına xeyir verməz: “Bu məsələdə biz ortaq nöqtələr tapmalıyıq. Vaxtilə türk xalqlarının böyük bir qismi İslam dinini qəbul edib. Hər halda İslam dinini qəbul edən Qaraxanlılar, Səlcuqlar, Xarəzmşahlar və digərləri, yəni islam dinini qəbul edən bir çox dövlətlərimiz, türk xalqları üçün hər halda bu, təsadüfi olmadı. Bizim türk xalqlarının İslam dinini qəbul etməsi törə, əxlaq, dünyaya baxışda və bir çox məsələlərdə üst-üstə düşən tərəflərin olması ilə bağlıdır. Ona görə də son əsrlərdə türklük və İslamlıq məsələsini qarşı-qarşıya qoymaq cəhdi vardır. Mən bunu doğru saymıram. Vaxtilə Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Şahabəddin Mərcani, İsmayıl bəy Qaspıralı və başqa böyüklərimiz, ziyalılar daha çox uzlaşdırıcı tərəfdən, türklük və İslamlığın bütünləşdirici tərəfindən çıxış ediblər. İslamdan öncə əlbəttə ki, türklüyümüz vardı. Nəinki İslam, həmçinin xristianlıq, iudaizim, buddizimdən də öncə türklüyümüz vardı və türklük özü bir əxlaq, törə, mənəviyyatdır. Məsələnin bu tərəfi də var”.

 

F.Ələkbərli vurğulayıb ki, türk xalqlarının xeyli qisminin İslam dinini qəbul etməsi təsadüfi deyil və burada İslamla üst-üstə düşən nöqtələrin olması mühüm rol oynayıb: “İndiki halda yenidən İslamlıq və türklüyü bir-birinə qarşı qoymaq və bundan türk və ümunmiyyətlə, İslam düşmənlərinin xeyrinə olacaq addımların atılması qəbuledilməzdir. Hər halda biz türklüyümüz və İslamlığımızı bütünləşdirici səviyyədə davam etdirməliyik. Necə ki, Azərbaycanın üçrəngli bayrağında da türklüyümüz, İslamlığımız və insanlığımız və çağdaş mədəniyyətə sahib olmağımız, mədəniyyət məsələsi də öz əksini tapıb. Deməli, fəlsəfəmiz türklüyümüz, İslamlığımız insanlığımızı və azərbaycanlığımızı bir vəhdət şəklində götürməkdir. Məncə, bu fəlsəfəni inkişaf etdirməliyik. Həm türk xalqlarının, həm də türk İslam xalqlarının birliyinin dünyada mövqeyə sahib olması üçün bu istiqamətdən çıxış etməliyik. Əks təqdirdə qarşı-qarşıya qoymaq bizə ancaq zərər verə bilər. Ona görə də bu məsələdə kimlərsə əvvəl, indi, gələcəkdə də əleyhimizə yönəldib türklük və islamlığı qarşı-qarşıya qoymaq istəyirsə, biz bundan tamamilə kənar durmalıyıq, ancaq birlik, vəhdət formasında çıxış etməliyik. Yolumuz ancaq bu olmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 6 May 2026, 13:03   
Seçilən
36
pravda.az

1Mənbələr