Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, tanınmış iş adamı Aydın Çavuşoğlu Antalyanın Alanya rayonunda öz ofisində silahla vurulmuş halda tapılıb.
Moderator.az "Haberler.com" portalına istinadən xəbər verir ki, hadisə iş adamına məxsus yanacaqdoldurma məntəqəsindəki ofisdə baş verib.
Dünən axşam saatlarında ofisdən gələn silah səsindən sonra hadisə yerinə dərhal hüquq-mühafizə və təcili yardım briqadaları cəlb olunub.
Ağır yaralı halda tapılan "Alanyaspor" klubunun prezidenti, 52 yaşlı Aydın Çavuşoğlu xəstəxanaya çatdırılaraq təcili əməliyyat edilib. Hazırda reanimasiya şöbəsində yerləşdirilən iş adamının vəziyyətinin ağır olduğu bildirilir.
Antalya valisi Hulusi Şahin xəstəxanaya gələrək yaralının vəziyyəti ilə maraqlanıb və ailə üzvlərinə dəstəyini ifadə edib.
Sabiq nazir Mövlud Çavuşoğlunun hadisə zamanı xaricdə olduğu, lakin xəbər alan kimi Türkiyəyə qayıtmaq üçün yola düşdüyü qeyd edilib.
Xəstəxana ətrafında böyük izdiham yaşanarkən, polisin hadisə yerində və yanacaqdoldurma məntəqəsində araşdırmaları davam edir.
Faktla bağlı genişmiqyaslı təhqiqat başladılıb.
***
Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.
Moderator.az xəbər verir ki, Aydın Çavuşoğlunu ofisində güllələyiblər.
Əməliyyat olunan Aydın Çavuşoğlu reanimasiyaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.