Hollivud aktyoru Riçard Girin Gir Fondu İspaniyanın "HOGAR SÍ" qeyri-kommersiya təşkilatı və "UN-Habitat" (BMT-nin Məskunlaşma Proqramı) ilə birlikdə 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacaq.
Oxu.Az-ın xəbərinə görə, aktyor bu barədə öz "Instagram" səhifəsində video paylaşıb.
O, videoda mayın 21-də Azərbaycanın paytaxtında nümayiş olunacaq özünün "Heç kimin görmək istəmədiyi şey" adlı sənədli filminin mövzusu barədə danışıb.
Riçard Girin sözlərinə görə, tərəfdaşlıq evsizlik mövzusunu - mənzildən məhrumiyyətin ən ağır formasını qlobal gündəmin mərkəzinə gətirməyi və mənzilə çıxışı təmin edən həlləri təşviq etməyi hədəfləyir.
"Beynəlxalq təşkilatların məlumatına görə, dünyada təxminən üç milyard insan adekvat mənzilə çıxış imkanına malik deyil, bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və 300 milyondan çox insan evsizliklə üzləşir", - deyə o bildirib.
Qeyd edək ki, filmdə Riçard və Alexandra Gir evsiz qalmış və mənzil əldə etmələri sayəsində öz həyatlarını dəyişməyə nail olmuş insanlarla söhbət edirlər.
Forumu dəstəkləyən videomüraciətində Riçard Gir təcili tədbirlərin vacibliyini vurğulayıb.
"Mənzil bütün digər hüquqların təməlidir. Təhlükəsiz ev olmadan sağlamlıq, təhsil və sabit iş mümkün deyil. Evsizlik qaçılmaz deyil. Bu, dərin bir ədalətsizlikdir və ləyaqət, yaşayış yeri və həmrəyliyi seçməklə bunun öhdəsindən gəlmək olar", - deyə aktyor qeyd edib.