“İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır. Bu, 13 ildən sonra Baş nazirin ölkəmizə ilk səfəridir. İtaliya sıradan bir dövlət deyildir, dünyanın səkkiz güclü dövlətindən, Avropa İttifaqının və beynəlxalq təşkilatların aparıcı üzvlərindən biridir. Beynəlxalq münasibətlər tarixinin təcrübəsi göstərir ki, dünyada aydın məsələlərin az olduğu, qarmaqarışıq, mürəkkəb, ziddiyyətli şərait yaranan dövrlərdə ədalətə, beynəlxalq hüquqa əsaslanan, mövqeləri aydın olan dövlətlər bir-birinə daha çox ehtiyac duyurlar, sıx bağlanmağa çalışırlar. Azərbaycan və İtaliya da belə dövlətlərdəndir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Onun sözlərinə görə, İtaliyanın Baş naziri ilə ikitərəfli və çoxtərəfli formatda keçirilən görüşlər, müzakirə edilən məsələlər, mətbuata verilən bəyanatlar strateji tərəfdaş olan ölkələrimizin arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini göstərir:
“Siyasi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycanın xarici ticarətində birinci yeri tutur. Əməkdaşlığın başlıca istiqamətlərindən biri energetikadır. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. İtaliya şirkətlərinin Qarabağda və Şərqi Zəngəzurda 23 layihəni həyata keçirmələri münasibətlərimizin səviyyəsinin göstəricilərindən biridir. Elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq genişlənir. Bakıda İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir. Digər Avropa dövlətləri kimi, İtaliya da enerji və bağlantılar məsələsində Azərbaycana kəskin ehtiyac duyur. İtaliya hökuməti Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməsini istəyir. Bu, Azərbaycanın Avropa ölkələrinin siyasətində, iqtisadiyyatında və əhalisinin gündəlik həyatında vacib rol oynadığını göstərir”.
M.Qasımlı bildirib ki, bütün bunlarla yanaşı, bir müddət əvvəl Azərbaycan hakimiyyət orqanları İranda təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirmişdi:
“Tehrandakı səfirliyin müvəqqəti olaraq Bakıya köçürülməsi və təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsi dostluğun tarixə keçən bir səhifəsidir.Şübhəsiz, bütün bunlar özü-özündən yaranmayıb, cənab Prezidentimizin müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsinin, dövlətimizin qarşıdurma deyil, qarşılıqlı faydalı əməkdaşlıq meydanı, birləşdirici güc olmasının, yürütdüyü dürüst, daim quruculuğa yönəlmiş siyasətinin, yumruq sıxaraq deyil, əl uzadaraq dost olmaq istəyinin nəticəsidir.Bir-birinə olan ehtiyac təkcə yuxarıda qeyd edilən məsələlərdən irəli gəlməyib. Digər dövlət və hökumət başçıları kimi İtaliya Nazirlər Şurasının sədri də mürəkkəb məsələlərə, o cümlədən İran böhranına dair Prezident İlham Əliyevin fikirlərinə, baxışlarına ehtiyac duyur. Tarixən olduğu kimi, yenə də şəxsiyyət amili başlıca rol oynayır”.
Vasif ƏLİHÜSEYN