ain.az, Gununsesi portalına istinadən məlumat verir.
Məlumdur, oğlanlar analarını, qızlar da atalarını çox sevir. Ancaq Ağamalılar ailəsində məsələ bir qədər fərqlidir.
Daha dəqiq desək, “Atalar və oğullar” problemi mərhum Fəzail Ağamalı və oğlu arasında sərt formada olsa da, qızı Günay Ağamalı ilə Fəzail Ağamalı sevgisi bir başqa idi. Bu sevgi nəinki dillərə dastan, seçkilərə bir roman idi. Sözsüz ki, hər valideyn özündən sonra övladlarına nəsə qoyub getmək istəyir. Bu nəsə bəzən mənəvi nələrsə olur, bəzən isə həm də maddi.
Fəzail Ağamalı oğluna günahını belə verməsə də, qızı Günay Ağamalıya partiya, mandat qoyub getdi. Əlbəttə, o, bir ata kimi, Günay xanım da elə övlad kimi xoşbəxtdir.
Ancaq xalq, vətəndaşlar bu barədə nə düşünür?
Bəs görəsən, Günay Ağamalı bir partiyanı qardaşı ilə niyə bölə bilmədi? Bacı da qardaşın səsinin arxasına keçər? Harda qaldı başımın tacı qardaş, ömrümün yazı qardaş?
Nə bilim, ancaq gərək ki, Günay Ağamalı heç olmasa, atasının yolunu davam etdirsin.
Onun siyasətdəki hazırkı məqamı restoranda menyuda adı olan, amma ofisiantın “o yemək bu gün yoxdur” dediyi yeməyə oxşayır. Ad var, tərkibi də yazılıb, şəkli də adama “ye məni” deyir, ancaq “siyasi dad” gəlmir.
Fəzail Ağamalı deputat olduğu zamanlarda bir çox mənfi məsələlərə görə seçilsə də, qızı Günay Ağamalı heç cür fərqlənə bilmir.
İnsan isə istər-istəməz düşünür:
Görəsən, qızı atasına rəhmət oxutduracaqmı?
Günay Ağamalı hələlik “Atam çox əziyyət çəkib, ömrünü dövlətə, millətə həsr edib” intonasiyasındadır, bir müddətlik mərhum atasının kölgəsində daldalanır. Bəs sonra? Günay xanım bilirmi ki, siyasətdə ya sözün var, ya da yoxdur. Ya mövqeyin görünür, ya da sadəcə soyadın danışır?
Günay Ağamalının bəzi xanım həmkarlarından fərqli olaraq, heç bir siyasi xarizması da yoxdur. Məsələn, Səbinə Xasayeva danışmasa da, gözəlliyinə görə fərqlənir, Nigar Məmmədova özü də bilmir nə edir, Arpadari Nigar gizlənir, bir sözlə, hərə bir işlə məşğuldur. Bəlkə də, Günay xanım hələlik baxır, fikirləşir ki, görüm mən nə edirəm? Qorxuram, axırda deyə ki, “gör indi deputat bacın nağaracaq?”.
Birmənalı şəkildə parlamentdə Günay Ağamalı hiss olunmur.
Əslində, bir ailənin siyasi tarixçəsi dram da ola bilər, komediya da. Ağamalılar hekayəsində isə tragikomediya elementləri daha çoxdur.
Obrazlı desək, ata od püskürən natiq, qız isə sanki səssiz dublyordur. Biri siyasi səhnədə qasırğa idi, digəri hələ meh olmağa çalışır.
Bəs görəsən, Günay xanım nə vaxt bir nazlı şimşək olacaq?
Günay Ağamalı sanki parlamentdə qonaqdır. Elə bil ki, tanımadığı adamın toyuna göndəriblər, bir tikə yemək yeyib, nəmərini də salıb gedəcək.
Bu mənada, Günay xanım kifayət qədər darıxdırıcıdır, maraq kəsb eləmir. O qədər darıxdırıcıdır ki, haqqında çıxan şayələr, yalan xəbərlər belə ciddi narazılıqla qarşılanmır.
Məsələn, bir dəfə xəbər yayıldı ki, açıq-saçıq geyimdə rəqs edən bir qız onun qızıdır. Xəbər hər yerdə yayıldı, ancaq heç yerdə görünmədi, heç kim bu cür məişət səviyyəsində bir məsələni ciddi şəkildə müzakirə etmədi. Günay xanım da çıxıb dedi ki, bəs o qız mənim qızım deyil. Məsələ budur, düz deyirdi. Ancaq digər məsələ budur ki, o qızın Günay xanımın qızı olub-olmaması da heç kimin vecinə deyildi. Heç soruşan da yox idi.
Yaxud başqa bir xəbər yayıldı ki, bəs bahalı çanta istifadə edir. Yenə də heç kim demədi ki, məmur, rüşvət və s.
Deyilən əsas söz bu idi : “Zövqsüz çantadır”.
Göründüyü kimi, Günay Ağamalı həm məmur, həm bir xanım olaraq diqqət cəlb edə bilmir. Hər şeydən əvvəl bir xanımın diqqətsiz qalması, əslində, yaxşı deyil.
Ona görə də Günay xanım ilk növbədə maraqlı olmağa çalışmalı, daha sonra hələ daxil ola bilmədiyi siyasətə zərif addımlarla mətin şəkildə irəli getməlidir.
İndilik məsələ belədir ki, sanki atası obyekti verib, ancaq təmir edib içinə girməyib.
Ümumiyyətlə, onu deyim ki, siyasətdə bəzi adamlar var, səhnəyə çıxanda mikrofon özü də dik durur. Bəziləri də var, çıxanda mikrofon düşünür ki, “Görəsən, buna görə məni niyə qoşublar?”.
Günay Ağamalının siyasi aurası hələlik ikinci kateqoriyaya daha yaxındır.
Odur ki, Günay xanıma maraqlı olmağı, mikrafona danışmağı, nəhayət, qardaşı ilə də barışmağı arzu edirəm. Ümid edirəm, növbə ilə kresloya əyləşə, ailə səadətinə yiyələnə biləcəklər.
Günay xanım mikrafonu götürüb deyəcək:
“Qardaş səni bəxş edən Tanrıya qurban olum
Qardaş bacı söyləyən, dilinə qurban olum
Ata-ana ürəyi, sevgilinin ürəyi
Gəl ömrümə işıq saç, boyuna qurban olum”
Orxan Saffari
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.