Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Lənkəran, 6 may, AZƏRTAC
Azərbaycanın zəngin çayçılıq ənənələrini gənclərə aşılamaq, milli dəyərləri təbliğ etmək, gənclərin kənd təsərrüfatına marağını və sosial fəallığını artırmaq, regionun mədəni irsinin yaşadılması və çayçılıq şöhrətinin artırılması məqsədilə “Çayımızın adı var” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində qonaqlar “Yaşıl çay” fermer təsərrüfatında mövcud olan çay emalı qurğuları və çay məhsullarının çeşidləri ilə tanış olublar. Eyni zamanda, çayçılar üzrə mütəxəssislər gənclərlə birlikdə mövsümün ilk çay yığımına start veriblər. Bu simvolik başlanğıc həm ənənənin davamı, həm də gənclərin əməyə cəlb olunması, eyni zamanda kənd təsərrüfatı sahələrinə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Cənub bölgəsinin folklor kollektivi ifasında milli musiqi nömrələri, xalq nəğmələri səsləndirilib, iştirakçılar üçün bayram əhvali-ruhiyyəsi yaradılıb, bununla yanaşı, gənclər arasında çay yığımı marafonu təşkil edilib. Marafonun sonunda ən fəal və sürətli çay yığan gənc xanımlar müəyyən edilərək mükafatlandırılıb. Tədbir ölkədə fəaliyyət göstərən Gənclər evlərinin hazırladığı bədii proqramla davam etdirilib.
Gənclər evlərinə tədbirdə fəal iştirak etdikləri üçün təşəkkürnamələr və hədiyyələr təqdim edilib. Digər marafon iştirakçıları da təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar.
Müxbir - İlkin Adıyev












Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.