ABŞ-nin nüfuzlu “Council on Foreign Relations” platforması: “Qərb regional hüquqlar tələb edən Azərbaycan türkləri, ərəblər, bəluclar, kürdlərlə daha fəal işləməlidir”
ABŞ Tehranın son təkliflərini qəbul etmədi. Mediaya sızan iddialara görə, ABŞ hücumlara son qoyacağı və İran limanlarının blokadasını ləğv edəcəyinə zəmanət verəcəyi təqdirdə Hörmüz boğazının açılması şərtlərini müzakirə etməyin mümkünlüyünü göstərib. Bildirilir ki, İran həmçinin ABŞ sanksiyalarının yumşaldılması müqabilində nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyi təklif edib. Vaşinqtonun isə bu təklifləri qəbul etmədiyi deyilir. Hadisələrin gedişi göstərir ki, İran mövzusu ətrafında gərginlik yenidən artacaq.
Bu arada ABŞ-nin nüfuzlu “Council on Foreign Relations” (CFR) platforması İranın gələcəyi və Qərbin bu məsələdə yanaşması ilə bağlı maraqlı məqalə ilə çıxış edib. Məqalənin müəllifi tanınmış analitiklərdən olan Edd Hüseyndir.
Onun yazdığına görə, təkcə hərbi təzyiq İranın dini hakimiyyət ideologiyasını neytrallaşdırmaq üçün kifayət etmir və Qərb daha uzunmüddətli yanaşma formalaşdırmalıdır. Ekspert bildirir ki, ABŞ və müttəfiqləri də buna cavab olaraq İranın daxili etnik və siyasi bölünmələrini gücləndirməklə Tehranı zəiflətməlidirlər. “Qərb İran daxilində daha çox muxtariyyət və ya regional hüquqlar tələb edən qruplarla - Azərbaycan türkləri, ərəblər, bəluclar, kürdlər, lorlar, taciklər və türkmənlərlə - daha fəal işləməlidir”.
Onun fikrincə, bu prosesdə əsas məqsəd İranı “Ayətullahdan sonrakı dövrə” hazırlamaq və federativ idarəçilik modelinə doğru yönləndirmək olmalıdır. “İranın gələcəyi İslam Respublikasında deyil, "İran Federasiyası" modelindədir. Gələcəkdə bəzi bölgələr Tehrandan müstəqil olmaq istəsə, buna imkan verilməsi də müzakirə oluna bilər".
Qeyd edək ki, İranın parçalanması və federallaşması Qərbin çoxdankı planları sırasındadır. İki müharibədə İranın dini rəhbərliyini sıradan çıxaran ABŞ və İsrail rejim dəyişikliyinə nail ola bilmədi. O səbəbdən belə görünür ki, yenidən bu variant anti-İran qüvvələrin gündəminə qayıdıb.
“İran sonrası” ssenarilər, xüsusən də federalizm mövzusu birbaşa Türk dünyasının geosiyasi balansını ilgiləndirir. Çünki İran təkcə farslardan ibarət deyil. Bu ölkədə milyonlarla azərbaycanlı, türkmən, qaşqay, Xorasan türkü yaşayır və onların statusu dəyişmədən İranın sabitləşməsi mümkün deyil. İran daxilində ən böyük və siyasi baxımdan ən həssas türk toplumu Güney Azərbaycan türkləridir. Onlar nə monarxiyanı, nə də teokratiyanı qəbul edirlər. İranın federallaşması nə qədər realdır, belə olarsa, Azərbaycan və ümumiyyətlə, bu arealdakı türk toplumu nə qazanar, nə itirər? Niyə yenidən İranın parçalanması masaya gətirilir?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İrana qarşı müharibə başlayanda da bu ölkənin parçalanması ehtimalı haqqında müxtəlif fikirlər səslənirdi. Buna baxmayaraq, müharibənin gedişində bu mövzu arxa plana keçdi: “Çünki müharibə İran cəmiyyətində sanki birlik yaratmış görüntüsü vermişdi. Halbuki İranda yaşayan xalqların mövcud vəziyyətdən narazılığı ortadan qaldırılmayıb. ABŞ müharibəyə başlayanda İrandakı rejimin çökməsini hədəfləyirdi. Bu alınmadı. ABŞ Prezidenti Donald Tramp hazırda müharibə əvəzinə İranı iqtisadi zəmində çökdürməyə çalışır. ABŞ-nin Hörmüz boğazını mühasirədə saxlaması məhz bununla bağlıdır. Yəqin Vaşinqtonun planı belədir ki, İranda iqtisadi vəziyyətin ağırlaşması ölkədə narazılığı artıracaq və insanlar yenidən küçələrə çıxacaqlar. Ona görə də ABŞ-də İranda yaşayan müxtəlif xalqların öz hüquqları uğrunda mübarizəyə başlayacağı yenidən proqnozlaşdırılır”.
Politoloq qeyd etdi ki, bu proqnozların özünü doğruldub-doğrultmayacağını zaman göstərəcək: “Bu gün üçün İranın federallaşacağını söyləmək çətindir. Məsələ burasındadır ki, İranda hakimiyyəti ələ keçirən SEPAH yenə qəddarlıqla etirazları yatırda bilər. Ancaq bu da çox uzun çəkə bilməz. İnsanları daima qorxu altında saxlamaq mümkün deyil. Bunun bir sonu olmalıdır. Ya da ki, İran rejimi özü islahatlara başlamalıdır. Ancaq SEPAH generallarının islahata başlayacağını proqnozlaşdırmaq mümkün deyil”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”