AZ

“Böyük güclər”in Cənubi Qafqaz rəqabətində yeni hədəf

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Yaxud Avropa İttifaqının “Tramp marşrutu”na qoşulmaq cəhdi

“Avropa Siyasi Birliyi”nin İrəvan sammitində səslənən maraqlı fikirlərdən biri də Brüsselin TRIPP layihəsinin reallaşmasında maraqlı olduğu barədə tezis oldu. Bu tezis xüsusilə ASB-nin VIII zirvə görüşünün ardınca keçirilən Aİ–Ermənistan sammitində daha ucadan eşidildi. Bəri başdan onu qeyd edək ki, “qoca qitə”dən eşidilən bu çağırışlar dünyanın “böyük güclər”i arasında Cənubi Qafqazda nüfuz savaşının getdikcə böyüməsinin əyani nümayişi sayıla bilər.

Avropa İttifaqı bir müddət vasitəçi kimi Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün çalışırdı, amma ötən il bu proses ABŞ-ın nəzarəti altına keçdi və avqustun 8-də uğurla başa çatdı. Vaşinqtonda prezident Donald Trampın şahidliyi və iştirakı ilə iki ölkə arasında sülh sazişləri paraflandı, Vaşinqton İrəvanla “Tramp marşrutu” (TRIPP) üzrə də razılaşma əldə etdi. Hazırda bəzi ekspertlər hesab edirlər ki, layihənin icrası İranla müharibə səbəbindən gecikə bilər. Bununla belə, ABŞ administrasiyası hesab edir ki, bu məsələ Vaşinqtonun Cənubi Qafqazda əsas prioritetlərindən biri olaraq qalır. Dövlət Departamenti bununla bağlı konkret mövqeyini açıqladı: TRIPP ABŞ-ın bölgədə strateji layihəsidir və bu yöndə danışıqlar, eyni vaxtda, həm Bakı, həm də İrəvanla davam etdirilir.

Bəli, “Tramp marşrutu” ABŞ-ın Cənubi Qafqazda əsas prioritetlərindən biridir. Prosesdən kənarda qalan Rusiyanın Ermənistana “Tramp marşrutu”nda iştirak etmək üçün təzyiqlər etdiyi də məlumdur. Lakin İrəvanla Vaşinqton arasında bu layihə üzrə razılaşma, faktiki olaraq, üçüncü tərəfin iştirakını istisna edir. İmzalanmış müqaviləyə görə, üçüncü tərəfin layihədə iştirakı hər iki ölkənin razılığını tələb edir.

Nəzərə alsaq ki, “Tramp marşrutu” Asiyadan Avropaya Rusiyadan yan keçməklə alternativ nəqliyyat dəhlizinin inkişafı konsepsiyasının tərkib hissəsidir, Moskvanın layihədə iştirakı, sadəcə olaraq, qeyri-real görünür. Bununla yanaşı, Avropa İttifaqı da “Tramp marşrutu”nda iştirak payına yiyələnmək istəyini açıq şəkildə irəli sürüb. “EU Observer” yazır ki, Brüssel layihənin hazırlanmasında iştirak etməkdə maraqlıdır.

ABŞ-ın ötən il Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında fəal iştirakından sonra Avropa İttifaqı TRIPP regional və transmilli nəqliyyat dəhlizi layihəsinin reallaşmasına və inkişafına qoşulmağa çalışır. Brüsselin fikrincə, bu coğrafi marşrut Ermənistana Rusiyadan yan keçməklə, eyni zamanda, Ermənistanı Avrasiya logistika zəncirlərinə daha dərindən inteqrasiya etmək imkanı verən alternativ ticarət yoluna çevrilə bilər”, – nəşr belə yazır.

***

Bu məsələ dünən İrəvanda keçirilən Aİ–Ermənistan sammitinin gündəliyində olmasa da, dolayısı ilə mövzuya toxunuldu. Avropa ilə ABŞ arasında münasibətlərin heç də ağ rəngdə olmadığı indiki şəraitdə Vaşinqtonun Aİ-nin bu təşəbbüsə necə yanaşdığı müəmmalı olaraq qalmaqdadır.

ASB-nin İrəvan sammitinə təşrif buyuran avropalı yüksək nümayəndələrdən biri toplantıdan əvvəl erməni mediasına bunları bildirib: “Standart sxemə əsasən, Çindən Avropaya malların daşınması təxminən 42 gün çəkir. Orta Dəhliz effektiv işləsə, bu müddət təxminən 12-13 günə qədər endirilə bilər”.

“EU Observer”in yazdığına görə, bir sıra ekspertlər Avropa İttifaqını strateji liderliyin olmamasına və maliyyə qərarlarının qəbulunda ləngliyinə görə tənqid edirlər. Onlar hesab edirlər ki, Aİ-nin indiki durumu regionda ona qarşı inamsızlıq yaradır və bu amil ABŞ-a Cənubi Qafqazda öz təsirini daha fəal şəkildə gücləndirməyə imkan verir.

“Bloomberg”, həmçinin İrəvanda keçirilən ikitərəfli sammit kontekstində strateji əhəmiyyətli Cənubi Qafqazda fövqəlgüclər arasında artan rəqabətdən yazır. Agentlik qeyd edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişənin sona çatması Avropa və Asiyanı birləşdirən dar boğazdan keçən enerji və ticarət yolları üzərində hökmranlıq uğrunda rəqabəti qızışdırır: “Yaxın Şərq və Ukraynadakı müharibələr Qafqazın əhəmiyyətini artırır, çünki hazırda Şimala və Cənuba gedən marşrutlar münaqişələr, sanksiyalar və geosiyasi gərginliklə məhdudlaşır. Uzun müddət regionda dominantlıq edən Rusiya Birləşmiş Ştatların Ermənistanda yeni nəqliyyat və enerji dəhlizinin yaradılmasına qarşıdır, eləcə də Türkiyə, Avropa İttifaqı və Çinin artan rəqabəti ilə üzləşir”.

Londonda yerləşən “PRISM Strategic Intelligence” şirkətinin əməkdaşı Keyt Mallinson bəyan edib ki, ABŞ-ın Cənubi Qafqaza hazırkı marağı misilsizdir və müəyyən dərəcədə Kremlin Azərbaycan və Ermənistandakı maraqlarını həmişəlik sarsıdıb: “Vaşinqtonun yanaşması Cənubi Qafqaz ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etmək və bu əlaqələri Türkiyə və Mərkəzi Asiyanı əhatə edəcək şəkildə genişləndirməkdir”.

Qərb mediasi, eyni zamanda, Moskvanın Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin toxunulmaz olaraq qaldığını, lakin Vaşinqtonun alternativ tərəfdaşlar axtarmaq üçün stimullar yaratdığını da qeyd edir. Avropa İttifaqının Mərkəzi Asiya və Cənubi Qafqazda öz rolunu gücləndirməyə çalışdığını vurğulayan ekspertlər İrəvan və Brüssel arasında hazırkı yüksək səviyyəli danışıqların əsasının ötən ilin aprelində Səmərqənddə keçirilən Aİ–Mərkəzi Asiya sammitindən qoyulduğunu irəli sürürlər.

Mərkəzi ofisi Londonda yerləşən “RUSI” analitik mərkəzinin Rusiya və Avrasiya təhlükəsizliyi üzrə baş elmi işçisi Natia Seskuria hesab edir ki, Ukraynadakı müharibə resurslarını tükəndirdiyi üçün Moskvanın Qafqazdakı hökmranlığı azalsa da, “Trampın bu bölgədə tam qalib gəldiyini, Putinin isə qəti şəkildə uduzduğunu söyləmək, yəqin ki, hələ tezdir”.

Aydın məsələdir ki, Rusiyanın Cənubi Qafqazda hələ də təsir rıçaqları qalmaqdadır və onlar tam aradan qalxmayıb. Eyni zamanda, ekspertlərin fikrincə, ABŞ prezidenti həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz ölkələri üçün alternativ iqtisadi tərəfdaşlar axtarmaq üçün stimul yaradıb. Bu proses xüsusilə Rusiyanın getdikcə daha az etibarlı, daha az hərbi qüdrətli və iqtisadi cəhətdən qeyri-sabit tərəfdaş kimi qəbul edildiyi bir vaxtda baş verir.

Fikrət SADIXOV,Qərbi Kaspi Universitetinin professoru, politoloq

Hazırda Cənubi Qafqazda çox maraqlı proseslər gedir. Avropa İtifaqının TRIPP layihəsinə bu qədər maraq göstərməyi bəlkə də gözlənilən idi. Burada Aİ bir tərəfdən özünün iqtisadi üstünlüyünü nümayiş etdirmək istəyir. Axı TRIPP marşrutu ilə yüklər Ermənistan ərazisindən Naxçıvana, sonra Türkiyəyə, oradan isə Avropa qitəsinə daşınacaq. Təbii ki, Avropa İttifaqı bu layihədən faydalanmaq barədə düşünür. Bu marşrutun yaradılmasında Aİ-nin iştirakını da istisna etmək olmaz. Hesab edirəm ki, Ermənistan bu plana etiraz etməyəcək. Amma bu təşəbbüsə ABŞ da “hə” deməlidir. Amma hazırkı durumda, yəni Yaxın Şərq hadisələri, İranla hərbi qarşıdurma fonunda Vaşinqtonun Avropanın bu planına birmənalı müsbət yanaşağını, razılığını verəcəyini düşünmürəm. Çünki ABŞ prezidenti İranla savaşda avropalı tərəfdaşlarından heç bir köməyin edilmədiyini dəfələrlə bəyan edib. Ola bilsin ki, müəyyən müddətdən sonra Ağ Evin mövqeyində yumşalma müşahidə olunsun. Fəqət bu gün vəziyyət qeyd etdiyimiz kimidir.

Əlbəttə, Avropa İttifaqının bölgəmizdə xüsusi maraqları var və bu istiqamətdə hansısa addımları atacağı istisna edilmir. Təbii ki, bu addımları, ilk növbədə, Ermənistanla razılaşdırmalıdır. Digər tərəfdən onu da müşahidə edirik ki, belə kritik dönəmdə Ermənistanı Rusiya amilindən sığortalamaq üçün əlindən gələni edir. Yəni İrəvanı Moskvanın bu ölkəyə mümkün müdaxiləsindən qorumağa çalışır. Bildiyimiz qədər Rusiya TRIPP layihəsinə qıcıqla yanaşır. Kremlin bəzi siyasiləri bununla bağlı Ermənistana mənfi mövqelərini çatdırmış, xəbərdarlıq xarakterli bəyanatlar vermişlər. Çox güman ki, bu narahatlığı Avropa İttifaqı da nəzərə alır.

İmran BƏDİRXANLIXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
25
xalqqazeti.az

10Mənbələr