ABŞ Prezidenti Donald Tramp İranla münasibətlərdəki son vəziyyət və Hürmüz boğazında tətbiq olunan atəşkəs rejimi ilə bağlı mühüm bəyanatlar verib.
Redaktor.az xəbər verir ki, Ağ Evin "YouTube" kanalı vasitəsilə yayımlanan çıxışında dövlət başçısı rəsmi Tehranın atəşkəsi pozmamaq üçün hansı addımlardan çəkinməli olduğundan xəbərdar olduğunu vurğulayıb.
"Onlar nəyi etməli və nəyi etməməli olduqlarını yaxşı bilirlər", - deyə Tramp, ABŞ-ın hansı hərəkətləri atəşkəsin pozulması kimi qiymətləndirəcəyi barədə suala cavab verərkən bildirib.
ABŞ lideri çıxışı zamanı İranın dəniz qüvvələrini də kəskin tənqid edib. O, İran hərbçilərinin Hürmüz boğazında kiçikçaplı silahlarla təchiz olunmuş sürətli katerlərdən istifadə etdiyini qeyd edərək, bu silahları istehza ilə "noxudatan" (peashooters) adlandırıb. Trampın sözlərinə görə, İranın artıq böyük hərbi gəmiləri qalmayıb və ölkənin donanması hazırda yalnız bu növ kiçik katerlərdən ibarətdir.
Mövzu ilə bağlı Pentaqon rəhbəri Pit Heqset də brifinq keçirib. O bildirib ki, ABŞ ordusunun Hürmüz boğazında həyata keçirdiyi əməliyyatlara baxmayaraq, Vaşinqton İranla atəşkəs rejimini hələ də qüvvədə hesab edir. Heqset Tehrana çağırış edərək, onları atəşkəsi tamamilə sıradan çıxaracaq həddi keçməməyə və hərəkətlərində ehtiyatlı olmağa səsləyib. Pentaqon rəhbəri hazırda atəşkəs rejiminin şərtlərinə əməl olunduğunu təsdiqləyib.
Xədicə BAXIŞLI