AZ

İrəvanda seçki savaşı: dezinformasiya kampaniyası ilə siyasi balansı dəyişmək cəhdi

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətə qarşı Ermənistanda parlament seçkiləri ərəfəsində müxtəlif siyasi kampaniyaların aktivləşdiyi müşahidə olunur. Bu kampaniyaların əsasən ruspərəst və revanşist dairələr tərəfindən təşkil edildiyi, sosial şəbəkələrdə genişmiqyaslı təbliğat və manipulyasiya üsullarından istifadə olunduğu bildirilir. Xüsusilə Emmanuel Macron ilə əlaqələndirilən iddialar vasitəsilə Paşinyan hökumətinin “ənənəvi dəyərlərə zidd siyasət apardığı” fikri ön plana çıxarılır. Bununla yanaşı, “False Flag” əməliyyatlarına bənzər üsullarla saxta profillər yaradıldığı və bu profillər vasitəsilə dezinformasiya yayılaraq ictimai rəyə təsir göstərməyə cəhd edildiyi vurğulanır. Bu fəaliyyətlərin həm ölkə daxilində seçicilərin mövqeyinə təsir etmək, həm də beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq məqsədi daşıdığı qeyd olunur.

Bu cür informasiya kampaniyaları seçki prosesinin şəffaflığına və ictimai rəyə necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda radikal revanşistlərin mövqeyi siyasi proseslər kontekstində geriləməkdədir: “Ölkədə böyük bir elektorat kütləsi formalaşıb ki, onlar kimin vasitəsilə olur-olsun, hansı siyasi lider olursa-olsun, Avropa xəttini dəstəkləyirlər. Bu baxımdan Ermənistanı Avropaya yaxınlaşdıracaq əsas siyasi lider hazırda məhz Paşinyandır. Bu xəttin güclənməsi ilə radikal revanşistlər marginallaşır, yəni onların elektoratı azalır və bu da onları daha da radikallaşdırır”.

Deputat bildirib ki, hazırda radikal qüvvələrin aqressiv davranışları da məhz bununla əlaqədardır və onlar müxtəlif sosial şəbəkələrdə manipulyativ vasitələrdən geniş istifadə edirlər. Çünki bu gün seçkiyə və elektoratın siyasi mövqeyinə təsir edə biləcək çoxsaylı yeni siyasi texnologiyalar və texniki vasitələr mövcuddur.

Deputat bu cəhdlərin ciddi uğur qazanacağını düşünmür. Çünki sabit və ardıcıl siyasi şüura malik bir kütlə var. Bu, müharibədən sonra 2021-ci ildə Paşinyanı hakimiyyətə gətirən siyasi şüurdur.

Hikmət Babaoğlu hesab edir ki, 2026-cı il seçkilərində də əsas istiqaməti məhz bu düşüncə tərzi müəyyən edəcək. Bununla belə, digər ehtimallar da mütləq nəzərdən keçirilməlidir. Radikal qüvvələrin nə dərəcədə radikallaşa biləcəyi və onların xarici dəstəkçilərinin proseslərə nə qədər qətiyyətlə müdaxilə edə biləcəyi hələ də təhlükəli tendensiya kimi qalmaqdadır. Seçki təbliğatının növbəti mərhələlərində onların davranışlarına əsasən hansı addımları ata biləcəklərini daha dəqiq müəyyənləşdirmək mümkün olacaq. Bu cür radikal davranışların seçki prosesinin şəffaflığına təsiri məsələsinə gəldikdə isə, deputat deyib ki, əgər sosial şəbəkələrdə qanundankənar fəaliyyətlər müşahidə olunursa, eyni davranışların seçki məntəqələrində də baş verməsi ehtimalı istisna deyil. Bu isə seçki şəffaflığına və ümumilikdə seçki prosesinə qeyri-qanuni müdaxilə kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr