Azərbaycan xalqının ümummillilLideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi dövrlər tariximizin ən parlaq və şanlı səhifələridir. O, Azərbaycan tarixinə dövlətçiliyimizin xilaskarı, müstəqilliyimizi qoruyub inkişaf etdirən, möhkəmləndirən qüdrətli tarixi şəxsiyyət kimi daxil olub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamında göstərildiyi kimi “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir... Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir”.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bütünlükdə Azərbaycan xalqına və dövlətçiliyinə həsr etdiyi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçib və bunların hər ikisindən o, bacarıqla istifadə edərək respublikamızın hərtərəfli inkişafını təmin edib.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın sovet dövründə qazandığı ən böyük nailiyyət həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensialın respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün zəmin yaratmasıdır. Lakin Heydər Əliyev fenomeninin unikallığı ondadır ki, o, öz siyasətini heç vaxt birtərəfli qurmurdu. Ümummilli Liderin gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi.
Hər bir dövlətin qüdrəti onun iqtisadi inkişaf göstəriciləri ilə müəyyənləşir. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş vermiş, tərəqqinin və yüksəlişin təməli qoyulmuşdu. Təkcə 1982-ci ilin iki günü ərzində bütünlükdə 1920-ci ildə buraxılan məhsulun həcmi qədər məhsul istehsal olunurdu.
Ümummilli lider harada olursa-olsun, onun ürəyi doğma Vətənin, xalqın nəbzi ilə döyünürdü. 1982-1987-ci illərdə SSRİ-nin siyasi olimpində olduğu zaman Heydər Əliyev bütün varlığı ilə canından əziz bildiyi doğma xalqın mənafeyini daim uca tuturdu. Kremlin yüksək kürsüsündə olduğu vaxt Azərbaycan iqtisadiyyatına, elminə, təhsilinə, mədəniyyətinə böyük diqqət yetirib, bu sahələrin hərtərəfli inkişafı üçün çalışıb. Heydər Əliyevin siyasi fəaliyyətinin bu dövrü çox zəngindir, xüsusi məna və səciyyə daşıyır. Burada onun mükəmməl dövlət idarəçiliyi bacarığı, peşəkarlığı, analitik düşüncə tərzi, əzmkarlığı, siyasi iradəsi, zəngin təcrübəsi bir daha özünü yüksək səviyyədə təcəssüm etdirib.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü (1990-1993) bütövlükdə Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Belə ki, Heydər Əliyevin Naxçıvan Ali Məclisinin istər deputatı, istərsə də sədri olduğu zaman Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilib. Milli dövlətçilik təsisatlarının təşəkkül tapması məhz o dövrə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan diyarında dalğalanması; 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi; 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi; Naxçıvanın çətin mühasirə şəraitində hərtərəfli inkişafını təmin etməsi böyük iradə sahibi, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevə məxsus idi.
1993-cü ilin iyun аyındа Аzərbаycаndа mürəkkəb şərait yаrаnmışdı, hаkimiyyət iflic vəziyyətdə idi. Rеspublikа idаrə оlunmurdu, pаrçаlаnmа və məhvоlmа qаrşısındа idi, siyasi və iqtisadi böhran hökm sürürdü, Azərbaycanı dünya xəritəsindən silib götürmək planları gerçəkləşmək üzrə idi. Azərbaycan öz tarixinin qanlı burulğanı içərisində çabalayırdı, xalqımız olum və ya ölüm dilemması qarşısında idi.
Bеlə bir çətin şəraitdə Vətənimizin böyük və qəhrəman oğlu xalqın təkidi və çağırışı ilə Azərbaycana böyük siyasətə qayıdır və onun qayıdışı respublikada cərəyan edən bütün təhlükəli prоsеslərin qаrşısını аlır. Heydər Əliyevin Azərbaycan tarixində ən böyük xidməti ondan ibarətdir ki, o, bizim dövlətçiliyimizi xilas etdi, qoruyub möhkəmləndirdi! Dövlətçiliyimizin qorunub saxlanması isə müstəqilliyimizin, azadlığımızın, suverenliyimizin qorunub saxlanması deməkdir! Qurtuluş deməkdir!
Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğruldub. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirib.
Ümummilli lider özünəməxsus müdrikliklə bəyan etmişdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdı .
1993-cü il oktyabrın 10-da təntənəli andiçmə mərasimində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev dərin məzmunlu, proqram xarakterli, Azərbaycan Respublikasının inkişaf perspektivlərini özündə ehtiva edən tarixi çıxışında demişdi: “Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq. Mən bir Prezident kimi xalqın qarşısında öz fikrimi açıq bəyan edirəm və əmin etmək istəyirəm ki, bu fikirlərə, bu prinsiplərə daim sadiq olacağam” .
Həmin dövrdə Аzərbаycаndа həyаtın bir sırа sаhələrində pоzitiv dəyişikliklər, köklü islаhаtlаr аpаrılıb, ictimаi-siyаsi sаbitlik təmin еdilib, dеmоkrаtiyаnın inkişаfı yоlundа mühüm аddımlаr аtılıb. Şərq aləmində ilk dəfə ölüm hökmünün ləğv edilməsi, yeni demokratik təsisatın - Ombudsman institutunun yaradılması, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılmasına dair bir sıra vacib tədbirlərin, təhsil, elm sahələrində aparılan mühüm islahatların keçirilməsi Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Milli Ordumuzun fоrmаlаşmаsı, Аzərbаycаnın nizаmlı silаһlı qüvvələrinin yаrаdılmаsı, tоrpаqlаrımızın müdаfiə оlunmаsı ilə bаğlı təхirəsаlınmаz tədbirlərin һəyаtа kеçirilməsi, аtəşkəs, siyasi və diplоmаtik vаsitələrin işə sаlınmаsı və s. məһz һəmin dövrə təsаdüf еdir.
Heydər Əliyev hər zaman milli ideologiyanın, milli məfkürənin formalaşmasına böyük diqqət yetirirdi. O qeyd edirdi ki, milli ideologiya, dövlətçilik, milli mənəvi əxlaqi dəyərlər, yəni bizim ana dilimiz, tariximiz, dinimiz, “Qurani-Kərim”imiz, adət-ənənələrimiz, ümümbəşəri dəyərlər - bunlar milli ideologiyanın vacib şaxələridir. Bu da 1995-ci ildə qəbul olunan Konstitusiyada öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-nin ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməsini qərara aldı.
Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, cahanşümul dövlətçilik və siyasi fəaliyyəti milli maraqlara sədaqətin, güclü dövlətçilik ideyalarının və xalqa bağlılığın bariz nümunəsidir. Dərin biliyə və geniş dünyagörüşünə malik olan bu Lider cəmiyyətin bütün sahələrini əhatə edən strateji qərarlar qəbul edib və onları uğurla həyata keçirib. Xüsusilə enerji siyasətinin düzgün qurulması ölkənin iqtisadi gücünü artırıb, mühüm resursların xalqın rifahına xidmət etməsinə şərait yaradıb.
Hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, Konstitusiyanın qəbulu, islahatların aparılması, müasir ordunun formalaşdırılması onun fəaliyyətinin mühüm nəticələri sırasındadır. Eyni zamanda, milli ideologiyanın gücləndirilməsi, dilin qorunması, mədəni irsin inkişafı və tolerantlıq ənənələrinin təşviqi bu siyasətin ayrılmaz tərkib hissəsi olub.
Akademik İsmayıl Hacıyev “Heydər Əliyev irsinin aktual məsələləri” məqaləsində qeyd edir ki, dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də budur ki, o, öz siyasətini heç bir zaman birtərəfli qurmurdu. Ulu öndərin gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi. Bu böyük şəxsiyyət yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icrasına başlamışdır.
Ümummilli lider qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirib.
Beynəlxalq arenada da nüfuz qazanan Heydər Əliyev Azərbaycanın mövqeyinin möhkəmlənməsi, milli maraqların müdafiəsi və ölkənin dünya siyasətində layiqli yer tutması istiqamətində mühüm rol oynayıb. Regional münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə üstünlük verən bu siyasət uzunmüddətli strateji məqsədlərə xidmət edib.
Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakı amillər təşkil edirdi: 1) Dövlət müstəqilliyi; 2) Demokratiya, siyasi plüralizm, şəffaflıq; 3) Hüququn aliliyi; 4) Sosial ədalət .
Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Həmin illərdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı qətiyyətli mübarizəsi xüsusi səciyyə daşıyır. Cinayətkar qüvvələrin dövlət çevrilişi etmək, Vətənimizi parçalamaq, daxili sabitliyi pozmaq, müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin qarşısı alındı. Ölkədə yaranmış sabitlik şəraiti imkan verdi ki, Azərbaycan dövlətinin iqtisadi və hüquqi əsasları formalaşdırılsın. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində ciddi islahatlara start verildi və ölkədə əzmlə dövlət quruculuğu prosesi həyata keçirildi.
Bismаrkın məşhur bir ifаdəsini xatırlamaq yerinə düşərdi: şəхsiyyəti оlmаyаn хаlqın аzаdlıq uğrundа mübаrizəsi аğlаsığmаzdır. Hеydər Əliyеv fеnоmеni şəхsiyyətin, qüdrətin, müdrikliyin və irаdənin sintеzidir. Оnun gücünü bеlə bir cəһət çох аydın göstərir ki, çağdaş Аzərbаycаndа cərəyаn еdən prоsеslər һəmin prоsеslərin mеydаnа gətirdiyi bütün siyаsətçiləri öz təsiri аltınа аldığı һаldа, Hеydər Əliyеv, əksinə, һаdisələrə öz irаdəsini diktə еtmək qüdrətinə mаlik оlаn lidеr kimi özünü təsdiqlədi.
Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə müstəqil Azərbaycan Respublikasının həyatında dönüş mərhələsi başlandı. Azərbaycan Respublikası Prezidenti dövlətimizin xarici siyasət sahəsində fəaliyyət istiqamətlərini belə qiymətləndirirdi: “Azərbaycan Avropa ilə Asiyanın qovuşağındadır, lakin həm Avropa, həm Asiya, həm də Qərb ölkələri ilə, dünyanın bütün ölkələri ilə xoş münasibətlər yaratmağa çalışıram.
Əlbəttə, biz bu zaman onu əsas götürürük ki, bu münasibətlər hər hansı digər dövlət tərəfindən Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipini nəzərdə tutmalı, Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına xələl gətirməməlidir. Bununla belə Azərbaycan qonşu ölkələrlə daha sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir. Şimal qonşumuz Rusiya ilə, habelə bizimlə həmsərhəd olan Türkiyə və İranla aramızda normal münasibətlər var. Biz Gürcüstanla normal münasibətlər yaratmışıq, lakin aramızda böyük sərhəd olan Ermənistanla müharibə vəziyyətindəyik” .
Heydər Əliyevin rəhbərliyi ilə Amerika, Avropa, Şərq ölkələri ilə tarazlaşdırılmış xarici siyasət aparılır, onlarla əməkdaşlıq aparmaq istiqamətləri müəyyənləşdirilirdi. Azərbaycan Prezidenti İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatının) Zirvə görüşlərində, MDB-yə daxil olan ölkələrin toplantılarında və başqa yığıncaqlarında Azərbaycanın mövqeyini müdafiə edirdi.
Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, xüsusilə xarici siyasət sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə keçmiş Qarabağ münaqişəsini beynəlxalq problemə çevirmiş oldu.
Hər şeydən öncə, Heydər Əliyevin bu sahədə göstərdiyi məqsədyönlü fəaliyyət keçmiş Qarabağ münaqişəsinin təkcə Azərbaycana deyil, Qafqazda dövlətlərarası ictimai-siyasi, iqtisadi, mədəni əlaqələrə vurduğu ciddi zərbəni dünya dövlətlərinə və ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına yönəlmişdi. Bu münaqişə yalnız Heydər Əliyevin səyi nəticəsində beynəlxalq təşkilatlarda, forumlarda müzakirə obyektinə çevrildi. Heydər Əliyev bu münaqişəni Qafqazda, Avrasiyada və Avropada həlli vacib olan mürəkkəb problemlərdən biri kimi dünyaya təqdim edə bilmişdi .
Ən mühüm problem Azərbaycan Prezidentinin ATƏT-in Zirvə görüşlərində (1994-cü il, dekabr Budapeştdə, 1996-cı il, dekabr Lissabonda) Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının Zirvə görüşündə (1999-cu il, noyabr) İKT-in Zirvə görüşündə iki dəfə, EKO-nun Zirvə görüşündə dörd dəfə, Türkdilli ölkələrin dövlət başçılarının beş Zirvə görüşündə, NATO-da üç Zirvə görüşündə gərgin fəaliyyətinin işıqlandırılmasına geniş yer verilir.
Heydər Əliyev Ermənistan–Azərbaycan, Qarabağ münaqişəsini həll etmək məqsədilə 1998-ci ilə kimi 68 ölkənin prezidentləri, dövlət başçıları ilə 485 görüş, ABŞ-nin Prezidenti, xarici işlər naziri ilə 16 dəfə, Rusiyanın Prezidenti və xarici işlər naziri ilə 28 dəfə, Türkiyənin rəhbərlərinin hamısı ilə 78 görüş keçirib. Minsk qrupunun üzvlərini dəfələrlə qəbul edib, onların ikili siyasətinə tənqidlə yanaşıb, Azərbaycanın haqq səsini, ərazi bütövlüyünü yüksək səviyyədə müdafiə edib və ölkədə hərbi quruculuq prosesini əzmlə həyata keçirib.
Müasir dövrdə müstəqil Azərbaycanın mövcudluğu şəraitində ölkədə əzmlə dövlət quruculuğu prosesi həyata keçirilir.
Bu gün fəxarət hissi ilə qeyd edirik ki, Heydər Əliyevin ideyalarını yaşadan, onun müdrik siyasi kursunu yüksək səviyyədə həyata keçirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətçiliyinin, suverenliyini və ərazi bütövlüyünü təmin edərək Böyük Qayıdışımızı bizə bəxş etdi.
Nə qədər ki, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin ideyaları yaşayırsa, bir o qədər müstəqil Azərbaycan dövləti yaşayır, inkişaf edir, möhkəmlənir, bərqərar olur!
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universiteti
Qafqaz xalqları tarixi kafedrasının müdiri,
professor, Əməkdar müəllim