Pekin Vaşinqtonun birtərəfli məhdudiyyətlərini tanımadığını rəsmən bəyan edib...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Çin ABŞ-nin üçüncü ölkələrə, o cümlədən İran və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları açıq şəkildə tanımaqdan imtina edib və bu ölkələrlə ticarəti görünməmiş səviyyəyə çatdırıb. Bu addım dünyanın iki ən böyük iqtisadiyyatı arasında qarşıdurmada ən ciddi gərginlik ocaqlarından biri kimi qiymətləndirilir.
Məlumata əsasən, əvvəlki illərdən fərqli olaraq, Çin şirkətləri artıq sanksiyalardan yayınmaq üçün qeyri-rəsmi və ya mürəkkəb vasitəçilərdən istifadə etmir. Pekin bu siyasəti açıq şəkildə həyata keçirməyə başlayıb. Belə ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyi milli şirkətlərə ABŞ sanksiyalarına riayət etməyi qadağan edən rəsmi göstəriş verib. Söhbət xüsusilə İran neftinin ticarətində iştirak edən bir sıra neft emalı zavodlarından gedir.
Çin hakimiyyəti Vaşinqtonun bu addımlarını “uzun əl yurisdiksiyası” kimi qiymətləndirərək beynəlxalq hüquq normalarının pozulması adlandırır. Rəsmi Pekin hesab edir ki, ABŞ-nin üçüncü ölkələrə qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar qanunsuz xarakter daşıyır və qlobal ticarət prinsiplərinə ziddir.
Eyni zamanda Çin İran neftinin əsas alıcısına çevrilib. Bildirilir ki, rəsmi Pekin İranın neft ixracının 90 faizindən çoxunu qəbul edir. 2026-cı ildə regionda davam edən münaqişələrə baxmayaraq, İranın neft gəlirləri məhz Çin tərəfindən sabit tələbat və dünya bazarlarında yüksək qiymətlər fonunda artıb.
ABŞ hökuməti isə cavab olaraq iri Çin banklarına qarşı “ikincili sanksiyalar” tətbiq etməklə hədələyib. Bununla belə, analitiklər xəbərdarlıq edir ki, Çinin aparıcı maliyyə institutlarının qlobal maliyyə sistemindən kənarlaşdırılması dünya bazarlarında ciddi sarsıntıya səbəb ola bilər və qlobal təchizat zəncirlərinin çökməsi riskini artırar.
Bundan əlavə, Pekin SWIFT sistemindən kənar alternativ ödəniş mexanizmlərini və öz tanker şəbəkəsini fəal şəkildə genişləndirir. Bu isə Çin ilə sanksiyalara məruz qalan ölkələr arasında ticarəti ABŞ-nin ənənəvi təzyiq alətlərinə qarşı daha davamlı və demək olar ki, toxunulmaz edir.
Poliqon.info