AZ

Azərbaycanda I rübdə xarici turistlərin əksəriyyəti evlərdə qalıb - TƏHLİL

Bu ilin I rübündə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi gecələmə sayı 1 milyon 382 min 960 nəfər təşkil edib.

"Far.Az"un rəsmi statistikaya əsasən apardığı təhlilə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % azdır.

Məlumata görə, gecələmələrin 879 min 661 nəfəri və yaxud təxminən 63,6 %-i evlərin, 503 min 299 nəfəri və yaxud 36,4 %-i isə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin payına düşüb.

Son 1 ildə mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 0,1 % azalıb.

Evlərdə gecələmələrə gəlincə isə il ərzində kirayə götürülmüş mənzillərdə gecələyənlərin sayı 0,8 % azalaraq 181 min 424 nəfər, qohum və yaxud dost evlərində gecələyənlərin sayı 3 % azalaraq 271 min 703 nəfər, özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə gecələyənlərin sayı isə 19,5 % azalaraq 426 min 534 nəfər olub.

Turistlər gecələmək üçün əsasən Bakıya üstünlük verib. Belə ki, paytaxtda 824 min 302 nəfər turist gecələyib (- 4,5 %). O cümlədən Bakıda hotellərdə 400 min 517 nəfər (+3 %), kirayə götürülmüş evlərdə 148 min 003 nəfər(+0,2 %), qohumların və dostların evində 89 min 211 nəfər (+13,2 %), özünə və ya ailə üzvlərinə məxsuz mənzillərdə 186 min 571 nəfər (-24,8 %) qalıb.

Gecələmə sayına görə ikinci yerdə 154 min 407 nəfərlə Quba- Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonları) qərarlaşıb və burada azalma 22,8 % təşkil edib.

Üçüncü yerdə isə 96 min 179 nəfərlə Abşeron-Xızı iqtisadi rayonu yer alıb, lakin bu rayonda göstərici 3,8 % azalıb.

Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə isə yanvar-mart aylarında 15 min 594 nəfər (-7,1 %) gecələyib. Şərqi Zəngəzur iqtisadi rayonunda gecələmə yalnız Laçında qeydə alınıb və bu göstərici cəmi 20 nəfər təşkil edib. Ötən ilin ilk 3 ayında isə bu ərazidə turist gecələməsi qeydə alınmayıb.

Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 % olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,2 %-i Böyük Britaniya, hər birindən 1 % olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 %-ni kişilər, 28,2 %-ni qadınlar təşkil edib.

Seçilən
1
2
far.az

3Mənbələr