Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Məlumdur ki, Avropa institutları heç bir vaxt Cənubi Qafqazda daimi və dayanıqlı sülhün əldə olunmasına çalışmır. O cümlədən, "Avropa Siyasi Birliyi" haqqında da bu fikirləri demək olar və bütövlükdə regionda təsir dairələrini artırmaq istəyirlər. Onların məqsədi bundan ibarətdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Aydın Hüseynov səsləndirdi.
Onun sözlərinə görə, artıq Qafqaz dünyanın əhəmiyyətli coğrafiyalarından birinə çevrilib:
"Həm nəqliyyat-logistika baxımından, Orta Dəhlizin perspektivləri baxımından, həm də Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri baxımından çalışırlar ki, bu kimi layihələrdə iştirak etsinlər və təsir dairələrini genişləndirsinlər. Ancaq bir reallığı qəbul etməlidirlər ki, bu reallığı Azərbaycan yaradıb. Artıq Ermənistanla sülh prosesində addımlar atılır və əgər onlar Ermənistana hər hansı xeyir vermək istəyirlərsə, sülh prosesinə mane olacaq addımlardan və ritorikadan çəkinməlidirlər. Azərbaycan öz siyasətini davam etdirir, müstəqil siyasət yürüdür, suverenliyini və milli maraqlarını daim yüksək səviyyədə qoruyur. Bununla belə, Avropa İttifaqı da yaxşı dərk edir ki, Azərbaycan Avropanın enerji təchizatında əhəmiyyətli rol oynayır, nəqliyyat-logistika imkanları vasitəsilə Qərblə Şərq arasındakı iqtisadi-ticari əlaqələrə böyük töhfə verir və yaxın gələcəkdə böyük yaşıl enerji ixracatçısına çevrilir. Bu kimi faktorlar onların diqqətindən kənarda qala bilməz. Buna görə də Cənubi Qafqazda sülh addımlarına dəstək vermək Azərbaycanın yaratdığı reallıqları qəbul etmək deməkdir".
Avropa Parlamentinin Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu qətnamə qəbul etməsinə gəldikdə isə, A.Hüseynov bildirdi ki, Avropa Parlamenti ilə bağlı Azərbaycanın mövqeyi bəllidir:
"Bu qətnaməyə qarşı Azərbaycan ictimaiyyəti və siyasi dairələr kəskin münasibət bildirib. Məlumdur ki, bu qətnamələrin heç bir əsası yoxdur. Sülh prosesinin getdiyi bir dövrdə bu kimi sənədlərin qəbul olunması riyakarlığın nümunəsidir. Eyni zamanda Ermənistan ərazisindən, xüsusilə Qarabağdan köçən ermənilər öz istəkləri ilə regionu tərk edib. Azərbaycan dövləti onlara dəfələrlə Azərbaycan Konstitusiyası çərçivəsində bütün hüquq və bərabərliklərin təmin olunacağını bildirib, lakin onlar bu təklifləri qəbul etməyib. Separatçıların və Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərin, o cümlədən Xocalı faciəsini törədənlərin dəstəklənməsi həmin cinayətkarlarla eyni mövqedə dayanmaq deməkdir. Bu şəxslərin cinayətləri məhkəmə yolu ilə sübut olunub. Buna görə də separatçı meyillərin dəstəklənməsi yolverilməzdir. Azərbaycan öz mövqeyində qətiyyətlidir və bu kimi cəhdlər ölkə üçün əhəmiyyət kəsb etmir".
NURİYYƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.