AZ

Kəndlilər turistlərdən necə qazana bilər?

Dünyada ən geniş yayılmış turizm növlərindən biri kənd turizmidir.

Kənd turizmi, insanların şəhər həyatından uzaqlaşaraq kənd mühitində, təbiət qoynunda, yerli mədəniyyət və adət-ənənələrlə tanış olaraq dincəldiyi turizm növüdür. Bu fəaliyyətə kənd evlərində qalmaq, yerli mətbəxdən dadmaq, kənd təsərrüfatı işlərində (bağçılıq, heyvandarlıq) iştirak etmək və ekoloji təmiz məhsullardan istifadə daxildir.  

Azərbaycanda kənd turizm növü mövcud olsa da, o qədər də geniş yayılmayıb. Ölkədə kənd turizmi və ya "kənd-yaşıl turizmi" ilə məşğul olmaq, qonaq evləri fəaliyyəti göstərmək üçün ailə kəndli təsərrüfatı statusunun olması və sertifikasiyadan keçmək əsas şərtdir. Bu sahə əsasən “Ailə kəndli təsərrüfatları haqqında” Qanunla tənzimlənir.  

Azərbaycanda kənd turizmi və ya qonaq evi (homestay) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün vergi öhdəlikləri fəaliyyətin həcmindən və qeydiyyat formasından asılı olaraq dəyişir.

2026-cı il üçün əsas qaydalara görə, əgər kənd evi fəaliyyəli ilə məşğul olan şəxs mikro sahibkar subyektidirsə (illik dövriyyəsi 200.000 AZN-dən az və işçi sayı 1-10 nəfər) və sadələşdirilmiş vergi ödəyicisidirsə, əldə etdiyi gəlirdən 2 % dərəcə ilə vergi ödəyir.

Əgər sadələşdirilmiş vergi ödəyicisi deyilsə, gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan xalis mənfəətdən 20 % dərəcə ilə vergi hesablanır. Kənd evi kimi istifadə olunan tikililər üçün bələdiyyələrə yerli əmlak vergisi ödənilir. 

Bu məbləğ evin yerləşdiyi ərazidən və kvadratmetrdən asılı olaraq dəyişir. Fəaliyyət mövsümi (məsələn, yalnız yay ayları) olduqda, vergini yalnız işlədiyi dövr üçün bəyan edirlər. 

Göründüyü kimi bölgələrdə turizmlə məşğul olmaq üçün vətəndaşlar bir sıra sənədlər toplamalı, vergi ödəməlidirlər. Vətəndaşların yerlərdə turizmlə məşğul olması onların məşğulluğu üçün zəmin yaradar, gəlir əldə etməsinə imkan verər. 

Hazırda isə ölkədə turizmin inkişafında heç bir irəliləyiş müşahidə edilmir və bu, bölgələrdə də bu sahədə irəliləyişlə bağlı yaxşı heç nə vəd etmir. Nəticədə isə kənd sakinləri bu sektordan heç nə əldə edə bilmir.

Qeyd edək ki, bugünlərdə Türkiyədə turizm sektorunu dəstəkləmək və valyuta gəlirlərini artırmaq üçün vergi qanunvericiliyində əhəmiyyətli dərəcədə asanlaşdırıcı qaydalar qəbul edilib. 

1 may 2026-cı il tarixində Prezident Fərmanları vasitəsilə Rəsmi Qəzetdə dərc olunmuş əsas dəyişikliklərə görə, otel, motel və istirahət mərkəzləri kimi yaşayış yerlərində gecələmə üçün vergi dərəcəsi azaldılıb.

Əgər köhnə vergi dərəcəsi 2 faiz idisə, yeni dərəcə 1 faiz müəyyənləşib. Bu endirimli dərəcə 31 dekabr 2026-cı il tarixinədək qüvvədə olacaq. Məqsəd turizm mövsümündən əvvəl əməliyyat xərclərini azaltmaq və daxili/beynəlxalq turizmi canlandırmaqdır. 

Azərbaycanda niyə kəndlərdə turistlərə ev təqdim edənlər çox sayda sənəd toplamalıdır və bu sahədə vergi faizi azaldıla bilərmi? Bütün bunlar turizmin inkişafına mane olmurmu?

Məsələ ilə bağlı "Skal Baku" Azərbaycan turizm peşəkarları təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kənd evlərində turizmlə bağlı Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, KOBİA birlikdə  layihə həyata keçirirdi: 

“Bu layihə regionlarda, bir sıra kəndlərdə evlərin turizmə hazırlanması üçün nəzərdə tutulmuşdu. Hətta dəstək olaraq müəyyən əşyalarla təchiz edilirdi, təmir işləri aparılırdı. Bu həm kənd əhalisinin məşğulluğu, gəlir əldə etməsi ilə bağlı faydalı olurdu.

Həmin layihələrlə əlaqədar bir sıra regonlarda hazırda kənd evləri fəaliyyət göstərir. Bununla bağlı regionlarda vergilər elə də yüksək deyil. Sadələşdirimiş vergi ilə onlar öz fəaliyyətlərini həyata keçirirlər. Sadəcə ola bilər bu məsələni daha da sadələşdirmək lazımdır. 

Prosedurları daha rahat etmək lazımdır ki, sakinlər öz həyətyanı sahəsinin imkanları olan kənd evlərini gələn turistlərə təqdim edə bilsin və bundan qazanc götürsün, sadə bir vergi ödəsin. Bu özlüyündə yerli icmaların, regionların iqtisadiyyatına da   müsbət təsir göstərmiş olar”.

Onun sözlərinə görə, ümumiyyətlə, bütün işlərdə, xüsusilə kiçik və orta sahibkarlıq fəaliyyətində  proseslər nə qədər sadə, anlaşılan olarsa, işlək mexanizmlər tətbiq edilərsə, o qədər sürətli gedər:

“Regionlarda hotellərin tikintisi kifayət qədər kapitaltutumludur, uzun zaman tələb edir. Ancaq kənd evinin hazırlanması, təqdim olunması daha qısa müddətdə başa gəlir və yerli əhali daha tez bir zamanda faydalana bilir.

Bu mənada son 5 ildə kənd evlərinin artımı da göz önündədir. Yəni kənd evlərinin, villaların sayı artır və  tursitlərə təqdim edilir”.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr