Hər il Qurban bayramı ərəfəsində satışa çıxarılan heyvanların qiymətində bahalaşma müşahidə olunur. Paytaxtın müxtəlif yerlərində quzu ətinin qiyməti 21-22 manat, dana ətinin qiyməti isə 18 manat aralığında dəyişir.
Bəs bu bayramda ətin qiyməti necə olacaq?
KONKRET.az xəbər verir ki, mövzu bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Milli.Az-a açıqlamasında bildirib ki, son bir ay ərzində xırdabuynuzlu heyvanların ətinin bir kiloqramında təxminən 50 qəpik artım qeydə alınıb.
Ölkədə ətə olan alıcılıq qabiliyyəti aşağıdır. İstehlakçılar daha çox toyuq əti, iribuynuzlu heyvan əti və xaricdən idxal edilən ət məhsullarını seçirlər.
Ekspertin sözlərinə görə, bayramda isə diri heyvanların qiymətində də təxminən 1 manat artım ola bilər.
“Qurban bayramı dövründə əsasən diri heyvanların alınmasına üstünlük verilir. Əsasən xırdabuynuzlu heyvanların kəsildiyi üçün dana ətinin qiymətində ciddi bahalaşma gözlənilmir. Hazırda xırdabuynuzlu heyvanlar əsasən 9-16 kiloqram aralığında diri çəkidə satılır. Quzu ətinin bir kiloqramının qiyməti hazırda təxminən 22 manatdır. Bayram dövründə isə bu qiymətin 23 manata qədər yüksələcəyi gözlənilir”.
Vahid Məhərrəmov əlavə edib ki, eyni zamanda ölkədə heyvan sayının getdikcə azalması müşahidə olunur.
“Bunun əsas səbəbləri kimi yem çatışmazlığı və örüş sahələrinin azalması göstərilir. Qlobal istiləşmə nəticəsində bəzi ərazilərin ot örtüyündən məhrum qalması da vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən fermerlər və kəndlilər xərclərini qarşılamaq üçün mövcud heyvanları daha yüksək qiymətə satmağa çalışırlar”.