AZ

“Naxçıvanbank”ın əmanətçilərinə məxsus hesab qalıqlarının geri qaytarılmasının əlçatanlığı artırılır

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə “Naxçıvanbank” ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesab qalıqlarının geri qaytarılması prosesinin əlçatanlığı artırılır.

AMB-dən AZƏRTAC-a bildirilib ki, tətbiq olunan yenilik ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar üçün onlayn qaydada müraciət etmək imkanı yaradacaq.

Belə ki, vətəndaşlar Mərkəzi Bankın “Elektron Xidmətlər Portalı”nın “Elektron müraciətlər sistemi” vasitəsilə onlayn müraciət edərək mövcud qalıq vəsaitlərinin müvafiq bank hesablarına köçürülməsini təmin edə biləcək. Bu zaman şəxsiyyəti təsdiq edən sənədin surəti, müraciət şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə isə nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti və onun səlahiyyətlərini təsdiq edən sənədin surəti (etibarnamə), bank hesabı rekvizitləri və digər zəruri sənədlərin surəti müraciətə əlavə olunmalıdır.

Ərizələrini fiziki qaydada ünvanlamaq istəyən vətəndaşlar isə əvvəllər olduğu kimi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət edə bilərlər. Bu zaman fiziki şəxslər üçün vəsaitlərin məbləğindən asılı olmayaraq nağd qaydada, hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə köçürmə yolu ilə ödənilməsi imkanı təqdim olunur. Elektron müraciət imkanlarından istifadə etməkdə çətinlik çəkən şəxslər Mərkəzi Bankın 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən vətəndaş qəbulu bölmələrinə müraciət etməklə vəsaitlərin müvafiq bank hesablarına köçürülməsi üzrə müraciətlərini təqdim edə biləcəklər.

Qeyd edək ki, bu dəyişikliklər Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması, xidmətlərdən istifadə zamanı əlçatanlığın və məmnunluğun artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır.

Seçilən
0
12
azertag.az

10Mənbələr