AZ

Mask məhkəməni uduzdu: 1,5 milyon dollar...

Milyarder iş adamı İlon Mask ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hazırda “X” adlanan sosial media şirkəti “Twitter”də səhmlərin alınmasının gec bildirilməsi ilə bağlı açdığı məhkəmə işini sonlandırmaq üçün 1,5 milyon dollar ödəməyi qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, SEC ilə İlon Maskın vəkillərinin paytaxt Vaşinqtondakı dairə məhkəməsinə təqdim etdiyi ərizədə tərəflərin işi uzlaşma yolu ilə başa çatdırmaq barədə razılığa gəldiyi bildirilib.

Sənəddə qeyd olunub ki, İlon Mask SEC-in iddialarını nə qəbul edir, nə də rədd edir, lakin işi bağlamaq məqsədilə 1,5 milyon dollar məbləğində inzibati cərimə ödəməyi qəbul edib.

Razılaşmanın qüvvəyə minməsi üçün məhkəmə tərəfindən də təsdiqlənməsi tələb olunur.Xatırladaq ki, SEC ötən ilin yanvar ayında hazırda “X” adlanan sosial media platforması Twitter-də səhmlərin alınması ilə bağlı İlon Maska qarşı iddia qaldırmışdı.

İddiada bildirilirdi ki, İlon Mask 2022-ci ilin mart ayında Twitter səhmlərinin 5 faizindən çoxunu satın aldığını açıqlayan hesabatı SEC-ə vaxtında təqdim etməyərək federal qiymətli kağızlar qanunlarını pozub.

Bu yolla onun səhmləri daha aşağı qiymətlərlə almağa davam etdiyi və nəticədə ən azı 150 milyon dollar az ödəniş etdiyi iddia olunurdu.

Həmçinin qeyd edilirdi ki, bildirişin gecikdirildiyi müddətdə investorlar Twitter səhmlərini süni şəkildə aşağı qiymətlərlə satmalı olub və ciddi iqtisadi zərərə məruz qalıblar.

Məhkəmədən İlon Maskın cərimə ödəməsi və səhmlərin alınmasından əldə etdiyi əsassız gəlirləri geri qaytarması tələb olunmuşdu.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr