AZ

Laboratoriyada yetişdirilən yosunlar mal əti ilə eyni miqdarda B12 vitamini ehtiva edir

Spirulina uzun müddətdir qida maddələri ilə zəngin məhsul kimi tanınır. İndi isə tədqiqatçılar bildirirlər ki, xüsusi üsulla yetişdirilmiş bu mavi-yaşıl yosun forması bioloji aktiv B12 vitamini istehsal edə bilir...

Poliqon xəbər verir ki, Scitech Daily nəşrinin yazdığına görə, yosunlardakı vitaminin miqdarı mal əti ilə müqayisə oluna bilər.

Discover Food jurnalında dərc edilən araşdırmaya Reixman Universitetindən doktor Asaf Tsaxor rəhbərlik edib. Tədqiqat İslandiya, Danimarka və Avstriyadan olan alimlərlə birgə aparılıb. Komanda işıqdan istifadə edərək fotosintezlə idarə olunan spirulina yetişdirmə sistemini araşdırıb. Bu qurğuda spirulina süni işıqlandırma altında qapalı fotobioreaktorlarda yetişdirilir.

Adi spirulinadan fərqli olaraq, hansı ki əsasən orqanizm tərəfindən mənimsənilməyən B12 vitamininin psevdovariantını ehtiva edir, bu yeni versiya aktiv B12 vitamini istehsal edir. Bu isə məhz orqanizm üçün zəruri olan formadır. Tədqiqatçıların sözlərinə görə, spirulinada bioloji aktiv B12 vitamininin ilk dəfə aşkar olunması məhz bu işdə qeydə alınıb.

B12 vitamini çatışmazlığı dünyada ən geniş yayılmış mikronutrient çatışmazlıqlarından biri olaraq qalır. Hesab olunur ki, bir milyarddan çox insan bu vitaminin aşağı səviyyəsindən əziyyət çəkir. B12 vitamini DNT sintezi, sinir sisteminin fəaliyyəti və eritrositlərin yaranması üçün vacibdir. Onun ciddi çatışmazlığı anemiya, sinir sistemi zədələnməsi, yaddaş problemləri və körpələrdə inkişaf ləngiməsinə səbəb ola bilər. Problemin həlli çətindir, çünki B12 vitamininin əsas təbii mənbələri ət və süd məhsulları kimi heyvan mənşəli qidalardır.

Gündəlik tövsiyə olunan B12 vitamini norması (2,4 mkq/gün) əsasən mal əti və süd vasitəsilə təmin olunur. Spirulina isə zülal, əvəzolunmaz amin turşuları, dəmir və digər mikroelementlərlə zəngin olduğuna görə alternativ kimi nəzərdən keçirilir. O, həmçinin antioksidant, iltihabəleyhinə və immun gücləndirici xüsusiyyətləri ilə diqqət çəkir. Lakin adi spirulinada tələb olunan vitamin forması yox idi və bu səbəbdən alimlər onun yeni növünü yetişdirməyə qərar veriblər.

Əldə edilən biokütlə 100 qramda 1,64 mkq bioloji aktiv B12 vitamini ehtiva edir ki, bu da mal ətindəki göstərici ilə (0,7–1,5 mkq/100 qram) müqayisə oluna bilər.

Sistem sənaye miqyasında idarə olunan istehsal üçün nəzərdə tutulduğundan, tədqiqatçılar onun İslandiyada genişləndirilməsi ssenarisini modelləşdiriblər. Bu ölkədə elektrik enerjisinin böyük hissəsi bərpa olunan geotermal və hidroenerji mənbələrindən əldə olunur. Ssenarilərdən birinə görə, İslandiya ildə 306 400 ton spirulina biokütləsi istehsal edə bilər. Bu isə 1–3 yaş arası 13,8 milyondan çox uşağın gündəlik B12 ehtiyacını ödəməyə imkan verər.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr