AZ

"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “mygov” platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.

Təşəbbüs “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilir və dövlət xidmətlərinin təqdimatından vətəndaş təcrübəsinin dizaynına keçidi hədəfləyir. Əsas məqsəd xidmətlərin real istifadəçi ehtiyaclarına əsaslanaraq davamlı şəkildə təkmilləşdirilməsidir.

Bu yanaşma əsasında keçirilən görüşlər vətəndaş rəylərinin xidmətlərin ilkin mərhələdən formalaşdırılmasına inteqrasiyasını təmin edir. Təşəbbüs həm aktiv istifadəçiləri, həm də rəqəmsal xidmətlərdən məhdud istifadə edən qrupları əhatə edir.

İlk görüş 30 aprel tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutub. Görüşdə “mygov” platformasında təqdim olunan etibarnamə xidmətlərindən istifadə etmiş vətəndaşlar iştirak ediblər.

Müzakirələr zamanı istifadəçi təcrübəsi, xidmətlərin əlçatanlığı və interfeysin sadələşdirilməsi ilə bağlı rəylər toplanıb. Toplanan rəy və müşahidələr əsasında xidmətlər üzrə addımların azaldılması, interfeysin optimallaşdırılması və istifadə prosesinin daha sadə və aydın qurulması istiqamətində ilkin qərarlar formalaşdırılıb.

“mygov” bu çərçivədə dövlət xidmətlərinə çıxış üçün vahid platforma və vətəndaş iştirakını təmin edən əsas institusional mexanizm kimi çıxış edir. Toplanan rəy və məlumatlar xidmətlərin vətəndaş rəyləri və istifadəçi davranış məlumatları əsasında sistemli şəkildə təkmilləşdirilməsinə imkan verəcək.

Bu təşəbbüs vətəndaşların rəqəmsal hökumət proseslərində iştirakını genişləndirir və dövlət xidmətlərinin daha çevik, əlçatan və istifadəçi yönümlü inkişafına xidmət edir.

Xatırladaq ki, “mygov” platformasında vətəndaşlara nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə, nəqliyyata sərəncam etibarnaməsi, etibarnaməyə xitam kimi rəqəmsal xidmətlər təqdim olunur. Eyni zamanda vətəndaşlar etibarnamə məlumatlarını platforma üzərindən əldə edə bilirlər.

Seçilən
0
8
bakivaxti.az

9Mənbələr