AZ

Kim birinci şikayət edibsə, o haqlı çıxır? Vəkil açıqladı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Kriminal xəbərləri izləyən zaman cəmiyyətdə belə bir fikir formalaşır ki, hüquq-mühafizə orqanları hadisələrə obyektiv yanaşmaqdan çox, kiminsə daha tez müraciət etməsinə üstünlük verir. Xüsusilə dava hallarında “kim birinci şikayət edibsə, o haqlıdır” düşüncəsi geniş yayılıb. Bu yanaşma isə əksər hallarda hadisələrin hüquqi mahiyyətindən deyil, ilkin məlumatın necə təqdim olunmasından qaynaqlanır. Reallıqda isə mübahisəli situasiyalarda əsas məsələ tərəflərin kimliyindən yox, onların konkret hərəkətlərinin hüquqi qiymətləndirilməsidir. Bəs doğrudanmı birinci polisə müraciət edən tərəf avtomatik olaraq zərərçəkmiş sayılır, yoxsa bu, sadəcə yanlış təsəvvürdür?Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, məhkəmə və istintaq orqanları üçün əsas meyar kiminsə birinci şikayət etməsi deyil, hadisənin hüquqi kvalifikasiyası və sübutların düzgün qiymətləndirilməsidir:"Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə görə cinayət işində başlıca məsələ obyektiv həqiqətin müəyyən edilməsidir. Şəxs yalnız təqsiri sübuta yetirildikdə məsuliyyət daşıyır və “kim birinci müraciət etdi” faktı heç bir hüquqi üstünlük yaratmır. Qeyd olunan situasiyada iki nəfər arasında dava baş veribsə, hüquqi qiymətləndirmə bir neçə istiqamətdə aparılır. Əgər hər iki şəxs aktiv şəkildə bir-birinə zərbə vurubsa, bu hal praktikada çox vaxt qarşılıqlı xəsarət yetirmə kimi qiymətləndirilir və nəticədə hər iki şəxs həm təqsirləndirilən, həm də zərərçəkmiş statusu ala bilər. Əgər tərəflərdən biri hücuma məruz qalıb və yalnız özünü qorumaq məqsədilə hərəkət edibsə, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən bu şəxs zəruri müdafiə həddi aşılmadığı halda cinayət məsuliyyətindən azad olunur. Bu zaman hücum edən şəxs təqsirli, müdafiə olunan isə zərərçəkmiş kimi tanınır. Lakin müdafiə hücuma adekvat olmayıbsa, məsələn, yüngül zərbəyə qarşı ağır xəsarət yetirilibsə, bu halda müdafiə edən şəxs də zəruri müdafiə həddini aşdığı üçün məsuliyyət daşıya bilər".Vəkil deyib ki, kiminsə birinci polisə zəng etməsi məsələsinə gəldikdə isə, bu amil yalnız ilkin prosessual vəziyyətə təsir göstərə bilər:"Lakin bu hal son hüquqi qiymətləndirməyə təsir etmir. Praktikada bəzən belə təəssürat yaranır ki, birinci müraciət edən tərəf haqlı çıxır. Bu isə onun hadisəni öz versiyası ilə daha tez təqdim etməsi və bəzən digər tərəfin sübut toplamaqda passiv qalması ilə bağlı olur. Ancaq bu, hüquqi prinsip deyil, sadəcə sübutların təqdim olunmasında taktiki üstünlükdür.

Məhkəmə belə işlərə baxarkən tibbi ekspertiza rəylərini, şahid ifadələrini, video və audio sübutları, tərəflərin izahatlarının uyğunluğunu və hadisənin başlanma səbəbini nəzərə alaraq qərar verir. Nəticə etibarilə, kim birinci şikayət edibsə, o, avtomatik olaraq haqlı sayılmır. Hüquqda əsas meyar kim hücum edib, kim müdafiə olunub və zərərin hansı şəraitdə baş verdiyinin dəqiq müəyyən edilməsidir. Eyni dava zamanı hər iki şəxs həm təqsirli, həm də zərərçəkmiş statusunda ola bilər", - deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr