
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi İran tərəfindən açılan sıx atəşə baxmayaraq, Hörmüz boğazını keçərək Fars körfəzinə daxil olub.
Xalqcebhesi.az xəbər veerir ki, bu barədə milli təhlükəsizlik məsələlərinin müzakirəsi səbəbindən adlarının açıqlanmasını istəməyən müdafiə qurumu nümayəndələri "CBS News" telekanalına məlumat veriblər.
Rəsmi şəxslərin bildirdiyinə görə, "USS Truxtun" və "USS Mason" esminesləri "Apache" helikopterləri və digər aviasiya vasitələrinin dəstəyi ilə keçid zamanı bir sıra koordinasiya edilmiş təhdidlərlə qarşılaşıblar. Rəsmilərin "fasiləsiz atəş" kimi xarakterizə etdiyi əməliyyat zamanı İran kiçik katerlər, raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.
Hücumların intensivliyinə baxmayaraq, heç bir Amerika gəmisi vurulmayıb. Hərbi komandanlıq nümayəndələri bəyan ediblər ki, hava dəstəyi ilə gücləndirilmiş müdafiə tədbirləri hər bir təhdidin uğurla qarşısının alınmasına və ya dəf edilməsinə imkan verib. Onlar əlavə ediblər ki, atılan mərmilərin heç biri gəmilərə çatmayıb.
Bu keçid, bazar günü Prezident Trampın ABŞ-ın fevralın sonunda başlayan hərbi əməliyyatdan bəri İranın nəzarət etməyə çalışdığı strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin "çıxarılmasına" kömək edəcəyini elan etməsindən sonra baş tutub. Yüzlərlə neft tankeri və digər gəmilər aylardır Fars körfəzində bloklanmış vəziyyətdə qalıb ki, bu da dünya bazarında neft qiymətlərinin artmasına səbəb olur.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bazar ertəsi daha əvvəl məlumat vermişdi ki, Amerika esminesləri "Azadlıq Layihəsi" təşəbbüsü çərçivəsində boğazdan keçib. Hərbçilər keçiddə konkret hansı gəmilərin və neçə ədəd texnikanın iştirak etdiyini dəqiqləşdirməmişdilər.
CENTCOM həmçinin əlavə edib ki, ABŞ bayrağı altında üzən iki kommersiya gəmisi də boğazı uğurla keçib və hərbçilər "nəqliyyat axınının hərəkətini stimullaşdırmaq" üçün onlarla digər daşıyıcı ilə əlaqə saxlayıblar.
Məryəm Quliyeva