Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Dillər Universitetində İngilis və fransız dilləri fakültəsinin təşəbbüsü, İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Qloballaşan rəqəmsal mühitdə Azərbaycan dilinin qorunması” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Tədbir Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycan dilinin qorunması, inkişafı və təbliği istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq təşkil olunub.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, müasir dövrdə rəqəmsallaşma dilimizin inkişafı üçün yeni imkanlar yaratsa da, onun qorunması və düzgün istifadəsi məsələsini daha da aktuallaşdırır. Bu baxımdan, bugünkü tədbir dil mədəniyyəti və gənclərin dil davranışı kimi vacib mövzuların müzakirəsi üçün əhəmiyyətli platformadır. Bu tədbirin Azərbaycan dilinə böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilməsi Ulu Öndərin ana dilimizin dövlət dili kimi möhkəmlənməsi və qorunması istiqamətindəki tarixi xidmətlərinə dərin ehtiramın ifadəsidir.
Tədbirdə xüsusi qonaq qismində iştirak edən tanınmış media nümayəndəsi, Əməkdar jurnalist, Real TV-nin baş direktoru Mirşahin Ağayev çıxış edərək Azərbaycan dilinin qorunması məsələsinə geniş və çoxşaxəli yanaşma sərgiləyib. O çıxışında xüsusilə vurğulayıb ki, rəqəmsal informasiya mühitində dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin əsas göstəricilərindən biridir. Dilin saflığının qorunması yalnız normativ qaydaların tətbiqi ilə deyil, həm də ictimai şüurun formalaşdırılması ilə mümkündür.
Mirşahin Ağayevin fikrincə, kütləvi informasiya vasitələri və sosial şəbəkələr dilin həm inkişafına təkan verir, həm də onun deformasiyasına səbəb ola biləcək amilləri gücləndirir. O, dilin yad təsirlərdən qorunması, xüsusilə leksik səviyyədə əsassız alınmaların qarşısının alınması, düzgün tələffüz və yazı normalarının qorunması istiqamətində ardıcıl maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, dil canlı orqanizm kimi inkişaf edir, lakin bu inkişafın nəzarətsiz şəkildə baş verməsi onun struktur bütövlüyünə xələl gətirə bilər. Azərbaycan dilinin qorunması yalnız filoloqların deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünün vətəndaşlıq məsuliyyətidir.
Akademik Kamal Abdulla Mirşahin Ağayevə dərin məzmunlu çıxışına görə təşəkkürünü bildirib. Qeyd edilib ki, bu çıxış dilin qorunması ilə bağlı bir sıra incə və həssas məqamlara toxunmaqla iştirakçılar üçün mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.
Daha sonra Mirşahin Ağayev tədbir iştirakçılarının suallarını cavablandırıb. Diskussiya zamanı irəli sürülən fikirlər göstərib ki, rəqəmsal qloballaşma dövründə dilin saflığının qorunması yalnız nəzəri müzakirələrlə deyil, həm də praktiki addımlar və ictimai məsuliyyətlə təmin olunmalıdır. Bu baxımdan, elmi-mədəni platformalar milli dil siyasətinin inkişafında və gələcək nəsillərin dilə münasibətinin formalaşmasında mühüm rol oynayır.








Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.