ABŞ Prezidenti Donald Tramp İrandan gələn yeni təklifi araşdırdığını və bunun qəbuledilməz olduğunu bildirib. Məlumata görə, təklif üç əsas mərhələni əhatə edir ki, bunlar da müharibənin birdəfəlik dayandırılması, zənginləşdirilmiş uran məsələsi və Hörmüz boğazının açılmasıdır.
Redaktor.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, ABŞ-nin konkret hədəfləri var və Yaxın Şərq savaşında hələlik öz hədəflərinə tam çatmayıb:
"Bu hədəflərin sırasında İranın təsirsiz dövlətə çevrilməsi və xüsusilə də nüvə proqramının birdəfəlik ləğvi ön planda yer alır. ABŞ İrandan nüvə obyektlərinin, nüvə proqramının ləğvini tələb edir və tələblər sırasında zənginləşdirilmiş uranın təhvil verilməsi də yer alır. Hətta Tramp bəyan etdi ki, zənginləşdirilmiş uranın yerini dəyişməsinlər və yaxud da gizlətməsinlər, onu təhvil versinlər. Bu şərtə əməl etməyənə qədər böyük ehtimalla ABŞ Yaxın Şərqdəki situasiyanı öz nəzarətində saxlamağa çalışa bilər.
Burada da önəmli məqamlardan biri ondan ibarətdir ki, Yaxın Şərq savaşı artıq ikinci mərhələyə keçid edib və bu ikinci mərhələ də Hörmüz boğazı üzərində mərkəzləşib. Yəni savaşın əsas ağırlıq mərkəzi Hörmüz boğazının üzərinə düşür. Əvvəl boğazı İran bağlamışdı. İran bununla dünya bazarlarında qiymətlərin artmasına çalışırdı, çünki bu halda Qərb dövlətləri Aİ-yə təzyiq göstərə bilərdilər. Ancaq sonradan ABŞ İranın bu taktikasını İranın özünün əleyhinə çevirməyə nail oldu. Yəni İranın bu taktikası bumeranq effekti verdi. ABŞ Hörmüzdə ikinci blokada səddi yaratdı və nəticədə İranın iqtisadi ticarət fəaliyyətini bloklamış oldu. Ən əsası isə İranın neft ixracını əngəllədi. Bu da İran üçün olduqca sarsıdıcı bir zərbədir. Çünki İran üçün əsas maliyyə qaynaqlarından biri məhz neft ixracıdır. Eyni zamanda İranın strateji tərəfdaşları sırasına daxil olan Çinin də Hörmüz boğazı ilə bağlı problemi yarandı. Çünki Çinin enerji təminatının əhəmiyyətli bir hissəsi məhz Hörmüz boğazı üzərindən reallaşdırılır. ABŞ Hörmüz boğazını bağladıqdan sonra İran Hörmüz boğazının açılması istiqamətində təkliflər irəli sürməyə başladı".

Politoloq vurğuladı ki, hazırda Ağ evə göndərilən təkliflərin sırasında Hörmüz boğazının açılması ilə bağlı məsələ xüsusi yer tutur:
"Bu da onu göstərir ki, Yaxın Şərq savaşının ağırlıq mərkəzi artıq Hörmüz boğazı üzərindədir. Hörmüz boğazı indi həlledici faktora çevrilib. Əgər bu boğaz açılmazsa, İran üçün çox ciddi sosial-iqtisadi problemlər, maliyyə problemləri yarana bilər. Bu da İranın daha da zəifləməsinə yol aça bilər.
Ümumiyyətlə, ABŞ Hörmüz boğazına nəzarət etməklə dünya bazarlarına birbaşa müdaxilə etmək imkanları qazana bilər. Böyük ehtimalla məhz proses bu istiqamətdə irəliləyir və indi daha çox nəqliyyat kommunikasiya xətləri, enerji marşrutları və eyni zamanda iqtisadi faktorlar üzərindən savaş davam etdirilir".
Aytəkin TOFİQQIZI