AZ

“İrəvan Dialoqu real nəticələr üçün zəmin yarada bilər”

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İrəvanda keçiriləcək “İrəvan Dialoqu” forumunda Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı regionda diplomatik dinamikanın yeni mərhələyə keçidinin siqnalı kimi qiymətləndirilə bilər”.

Bunu politoloq Elman Telmanoğlu Xalqcebhesi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cür platformalar xüsusilə rəsmi danışıqların ləng getdiyi dövrlərdə qeyri-formal ünsiyyət kanallarının açılması baxımından mühüm rol oynayır:

“Forum çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan nümayəndələrinin eyni müzakirə mühitində yer alması tərəflərin bir-birinin mövqelərini birbaşa dinləməsinə və yanlış qavrayışların minimuma enməsinə şərait yaradır. Bu isə ‘track 1.5’ və ‘track 2’ diplomatiyasının vacib elementi kimi çıxış edir və etimad quruculuğuna töhfə verir. Vətəndaş cəmiyyəti və ekspert səviyyəsində təmasların artması uzunmüddətli perspektivdə daha dayanıqlı sülh mühitinin formalaşmasına xidmət edə bilər.Analitiklərin iştirakı onu göstərir ki, dialoq yalnız siyasi deyil, həm də intellektual müstəvidə aparılır. Bu isə müzakirələrin daha rasional çərçivədə inkişafına imkan yaradır”.

E.Telmanoğlunun fikrincə, Türkiyənin bu formatda iştirakı regiondakı balans baxımından xüsusi əhəmiyyət daşıyır:

“Ankara həm Bakının strateji müttəfiqi, həm də Ermənistanla normallaşma prosesində maraqlı tərəfdir. Bu baxımdan, forum Türkiyə-Ermənistan münasibətlərinin yumşalması ilə Azərbaycan-Ermənistan sülh gündəliyi arasında paralellərin qurulmasına imkan verə bilər”.

Bununla belə, politoloq belə platformaların rolunun şişirdilməməsinin vacibliyini vurğulayıb:

“Bu cür forumlar daha çox ‘yumşaq diplomatiya’ alətidir və konkret siyasi qərarların qəbul olunduğu platformalar deyil. Əsas nəticələr yenə də rəsmi danışıqlar masasında əldə olunur. Lakin siyasi iradə olduğu halda bu təmaslar prosesi sürətləndirə və daha konstruktiv mühit yarada bilər. Azərbaycan və Türkiyə nümayəndələrinin “İrəvan Dialoqu”nda iştirakı həm simvolik, həm də praktik baxımdan əhəmiyyət daşıyır və qarşılıqlı etimadın bərpasına, kommunikasiya kanallarının genişlənməsinə töhfə verə bilər”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr