AZ

Aİ-Britaniya münasibətlərində yeni dövr: İrəvan sammiti nəyi həll edəcək? – ÖZƏL

"The Times"ın məlumatına görə, Avropa İttifaqı vahid bazara çıxış müqabilində Böyük Britaniyadan illik 1,15 milyard avro ödəniş tələb edir. Brüssel baş nazir Kir Starmerdən mayın 4-də İrəvanda keçiriləcək sammitdə bu təklifə prinsipial razılıq gözləyir. İsveçrə modelinə bənzər bu maliyyə öhdəliyi Londonun ittifaqla daha sıx inteqrasiya planının tərkib hissəsidir. Razılaşma baş tutarsa, bu, Brexitdən sonra Londonun vahid bazar üçün həyata keçirdiyi ilk belə ödəniş olacaq.

"Bu məsələni "xərc-fayda balansı" prizmasından dəyərləndirmədən nəticəyə gəlmək çətin olar. Söhbət sadəcə 1,15 milyard avrodan yox, Avropa Birliyi ilə iqtisadi münasibətlərin yeni mərhələyə keçidindən gedir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Bəs bu məbləğ Böyük Britaniya üçün böyükdürmü? 

İllik 1,15 milyard avro ilk baxışda yüksək görünə bilər, lakin Böyük Britaniya iqtisadiyyatının ölçüsü (trilyonlarla avro ÜDM) nəzərə alınanda bu rəqəmin əsl dəyəri üzə çıxır. Çünki, o, ÜDM-in çox kiçik hissəsidir; dövlət büdcəsində kritik yük yaratmır və daha çox "giriş haqqı" xarakteri daşıyır. Müqayisə üçün deyək, İsveçrə kimi AB üzvü olmayan ölkələr də vahid bazara çıxış üçün davamlı ödənişlərdə bulunur və bunu iqtisadi fayda ilə kompensasiya edir.

Bəs "iqtisadi baxımdan sərfəlidirmi?" sualına cavab axtarsaq, hansı mənzərə ilə üzləşərik? 

Əgər bu ödəniş indi deyəcəyimiz imkanları açırsa - bəli, sərfəli ola bilər: Birincisi, ticarət maneələrinin azalması - Brexitdən sonra yaranan gömrük, sertifikat və logistik problemlər azalarsa, ixrac xərcləri düşər. İkincisi, ixracın artımı - AB bazarı Britaniya üçün ən böyük ticarət tərəfdaşlarından biridir. Vahid bazara qismən çıxış belə xidmət sektorunu (özəlliklə maliyyə və hüquq xidmətlərini), sənaye ixracını artıra bilər. Üçüncüsü, yatırım mühitinin yaxşılaşması - AB ilə daha sabit əlaqə xarici yatırımçılar üçün riskləri azaldır. Amma bu, "risklər tamamən aradan qalxıb" demək deyil. Bu cür ödənişlər iqtisadi olduğu kimi, siyasi və strateji sonuclar da doğurur. Məsələn, suverenlik mübahisəsi -
Brexitin əsas arqumentlərindən biri "öz qaydalarını müəyyən etmək" idi. Ödəniş qarşılığında qaydalara uyğunlaşma tələbi siyasi mübahisə yarada bilər. "Ödə, amma qərar vermə" paradoksu - Britaniya AB üzvü olmadan qaydalara riayət edib ödənişdə bulunursa, qərarvermədə iştirak etmədən maliyyə yükü daşıyır. Daxili siyasi təzyiq - Bu məsələ hökumət üçün içəridə ciddi debat mövzusuna çevrilə bilər (özəlliklə Brexit tərəfdarları arasında).

Bəs uzunmüddətli strateji təsir baxımından nə demək olar? 

Əgər proses dərinləşərsə, bu addım Britaniyanın AB ilə "yumşaq reinteqrasiya"sı kimi qiymətləndirilə bilər, iqtisadi praqmatizmin ideoloji Brexit yanaşmasını üstələdiyini göstərmiş olar, ölkənin gələcəkdə daha geniş iqtisadi razılaşmalara açıq olduğunu ortaya qoyar və s.
Beləliklə, Böyük Britaniyanın vahid bazara çıxış üçün illik 1,15 milyard avro ödəməsi iqtisadi baxımdan, əgər gerçək bazar çıxışı və ticarət asanlaşması ilə müşayiət olunarsa, sərfəli sayılır. Bu məbləğ ölkə iqtisadiyyatı üçün ciddi yük olmazkən, strateji baxımdan önəmli seçimdir. London ya iqtisadi inteqrasiyanı dərinləşdirərək sabitlik və qazanc əldə edəcək ya da suverenlik prioritetlərini qorumaq naminə daha məhdud bazar imkanları ilə yetinəcəkdir. Başqa sözlə, bu ödəniş geosiyasi və iqtisadi kursun qiyməti kimi dəyərləndirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr